REGİONLAR


İnam Kərimov: Bu il yaş barama istehsalının 800 tona çatdırılması nəzərdə tutulur VİDEO

Qax, 4 may, Mustafa Dadaşov, AZƏRTAC

Ənənəvi sahələrdən olan baramaçılığın inkişaf etdirilməsi Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Həyata keçirilən tədbirlər nəticəsində ölkədə yaş barama istehsalı ildən-ilə artır. 2016-cı ildə 71 ton, 2017-ci ildə 244 ton, 2018-ci ildə isə 500 tondan çox yaş barama istehsal edilib. Bu il yaş barama istehsalının 800 tona çatdırılması nəzərdə tutulur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov mayın 4-də Qax Damazlıq İpəkçilik Stansiyasında ipəkqurdu toxumlarının inkubasiyası nəticəsində əldə olunan ipəkqurdunun kümçülərə paylanılması ilə bağlı keçirilən tədbirdə jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, bu il Çin Xalq Respublikasından 20 min qutu hibrid ipəkqurdu sənaye toxumları gətirilib. Toxumların inkubasiyası artıq başa çatıb və əldə olunan ipəkqurdu hazırda 38 rayonun kümçülərinə paylanılır.

Ötən il Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Qax Damazlıq İpəkçilik Stansiyasının ölkədə baramaçılığın inkişafına, məhsuldarlığın artmasına yüksək təsir göstərəcəyini vurğulayan nazir İnam Kərimov deyib: “Dövlətimizin başçısının tapşırığına əsasən, Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə, kəndlilərə yaxınlıq, onların yanında olmaq prinsipləri əsasında qurur. Bu il yüksək məhsuldarlığa nail olmaq üçün baramaçılıqla məşğul olan 38 rayonun hər birində nazirlik tərəfindən bu sahədə yaxşı təcrübəsi olan mütəxəssislər müəyyənləşdirilib və onlara müvafiq təlimlər keçirilib. Bu təlimçilər ipəkqurdunun bəslənilməsi prosesində fermerlərin, kümçülərin yanında olacaq, zəruri informasiyalar verəcək, onları düzgün istiqamətə yönəldəcəklər. Təlimçilər, eyni zamanda, ipəkqurdunun bəslənilməsi ilə bağlı yeni metodlar barədə də kümçüləri məlumatlandıracaqlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.