REGİONLAR


İnam Kərimov: Kombaynların düzgün dislokasiyası nəticəsində taxıl biçini 20 gün tez başa çatıb

2020-ci ilin yanvar ayından subsidiyalar yeni sistemlə veriləcək

Bakı, 1 avqust, AZƏRTAC

Müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara GPS quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov məlumat verib.

İnam Kərimov bildirib ki, görülmüş sistemli tədbirlər öz müsbət nəticəsini verməkdədir. Bütün sahələrdə, həmçinin bitkiçilik və heyvandarlıq sahələrində artım müşahidə edilir. Bu il qarşıda duran əsas vəzifələrdən biri fermerlərin daim yanında olmaq, onların üzləşdikləri problemlərin həllində yaxından iştirak etməkdir.

Nazir deyib: “Bizim əsas qayğımız və vəzifəmiz əkin balansımızı təşkil edən taxılçılıqla bağlı olub. Bu il 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib. Həyata keçirilən tədbirlər nəticəsində əsas məsələ düzgün texniki təminatın təmin edilməsi olub. Belə ki, hər il fermerlərimiz bu sahə ilə bağlı çoxsaylı müraciətlər ediblər. Amma dislokasiya sisteminin qurulması, xüsusilə də müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara GPS quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq da bu il daha yüksək olub. Ötən ilə nisbətən hər hektardan təxminən 2 sentner daha çox məhsul əldə edilib. Bununla yanaşı, hazırda qarşımızda duran əsas vəzifə pambıqçılığın inkişafı ilə bağlıdır. Pambığın tədarükü növbəti aydan - sentyabrdan başlayacaq. Həm texnika, həm də gübrə ilə tam təminat üçün işlər həyata keçiriləcək”.

Fermerləri sevindirən əsas hallardan biri də lizinq sahəsində həyata keçirilən islahat nəticəsində artıq bazarda tam liberallaşmanın mövcud olmasıdır. Bu barədə danışan İ.Kərimov vurğulayıb ki, dövlət tərəfindən edilən güzəştlər və subsidiyalar bütün təchizatçı şirkətlərə tətbiq olunur. Bazarda texnikanın qiymətində təxminən 30 faiz ucuzlaşma baş verib.

Nazır, həmçinin bildirib ki, subsidiyalarla bağlı dövlətimizin başçısının həyata keçirdiyi islahat nəticəsində gübrələrlə əlaqədar liberallaşma gələn ildən tam reallaşacaq: “Gübrənin həm əlçatanlığı təmin ediləcək, həm də qiymətində kifayət qədər ucuzlaşma baş verəcək. Hazırda bizim qarşımızda duran vəzifə gübrənin əlçatanlığını daha da yaxşılaşdırmaqdır. Çünki bəzi hallarda fermerlərimiz gübrənin əldə edilməsi üçün böyük məsafələr qət etməyə çalışırlar. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi bu ildən gübrənin səyyar satışını həyata keçirib və onu fermerlərin birbaşa həyətlərinə və təsərrüfatlarına çatdırıb”.

Qarşıyaa qoyulan əsas vəzifələrdən birinin də elektron kənd təsərrüfatının təşviqi olduğunu diqqətə çatdıran İnam Kərimov deyib ki, hazırda 300 mindən çox fermer elektron kənd təsərrüfatında qeydiyyatdan keçib: “Gələn ilin yanvar ayında artıq subsidiyaların verilməsi tam elektron formada həyata keçiriləcək. Elektron kənd təsərrüfatı sistemi, həmçinin imkan verəcəkdir ki, biz əvvəlcədən fermerlərimizin əkinlərini planlaşdıraq və proqnozlaşdıraq. Belə ki, fermerlərimiz mütləq qaydada öz əkin planlarını elektron kənd təsərrüfatında bəyan etməlidirlər. Bununla yanaşı, Sizin tərəfinizdən həyata keçirilən digər vacib islahat yeni subsidiya sistemi ilə bağlıdır. Hazırda subsidiya sisteminin tətbiqi ilə bağlı hazırlıq işləri həyata keçirilir. 2020-ci ilin yanvar ayından artıq subsidiyalar yeni sistemlə veriləcək. Bu da, ilk növbədə, məhsuldarlığın, məşğulluğun artırılmasına, ərzaq təhlükəsizliyinin daha da yaxşılaşdırılmasına və bizim kənd təsərrüfatı sahəsində ixrac potensialımızın yaxşılaşdırılmasına imkan verəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.