REGİONLAR


İnam Kərimov: Qarabağ və Şərqi Zəngəzurda heyvan xəstəliklərindən azad zonanın yaradılması nəzərdə tutulur

Bakı, 3 dekabr, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə üzümçülük, meyvəçilik, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün bölgədə bu sahələrin inkişaf etdirilməsi nəzərdə tutulur. Bölgədə tarixən mövcud olan heyvandarlıq, baramaçılıq və arıçılıq ənənələrinin, həmçinin atçılığın bərpası da diqqət mərkəzindədir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi infrastruktur yenidən yaradılacaq.

AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Təhsil və İqtisadiyyat nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu çərçivəsində keçirilən “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” adlı paneldə çıxışında deyib.

Nazir bildirib ki, Qərb və Şərq arasında strateji əhəmiyyəti nəzərə alınaraq diri heyvan və heyvan mənşəli məhsulların ixracyönümlülüyünün təşkili məqsədilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bir hissəsində heyvan xəstəliklərindən azad zonanın yaradılması nəzərdə tutulur. İndiki halda Füzuli rayonu ərazisində giriş-karantin nöqtələri yaratmaqla əraziyə gətirilən bütün heyvanların identikləşdirilməsi, baytarlıq norma və qaydaları gözlənilməklə yerləşdirilməsi və saxlanmasının həyata keçirilməsi planlaşdırılır.

“Qarabağda kənd təsərrüfatının inkişafı bütövlükdə ölkənin inkişafına müsbət təsir göstərəcək. Ümumilikdə əkin dövriyyəsi artacaq, strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yüz min hektarlarla sahənin suvarılması təmin ediləcək”, - deyən İnam Kərimov vurğulayıb ki, hazırda kənd təsərrüfatı istehsalının dayanıqlı əsaslarda aparılması baxımından müasir informasiya texnologiyalarına əsaslanan “ağıllı kənd təsərrüfatı” həllərinin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Artıq azad edilmiş ərazilərdə kənd təsərrüfatının innovativ əsaslarda yenidən qurulması məqsədilə “Ağıllı kənd” layihəsi icra olunur. “Ağıllı kənd”də aqrar sahənin komponentlərinin müasir şəhərsalma elementləri ilə uzlaşdırılması nəzərdə tutulur.

“Zəngilan rayonunun Ağalı kəndində inşa olunan “Ağıllı kənd”də qurulacaq “Ağıllı ferma”nın ənənəvi ferma ilə müqayisəsi üzrə təhlillər göstərir ki, “ağıllı ferma”nın iqtisadi səmərəlilik göstəriciləri ənənəvi fermanın müvafiq göstəricilərindən 3-4 dəfə yüksəkdir. Artıq azad olunmuş ərazilərdə, konkret olaraq Füzuli rayonunun Dövlətyarlı kəndində sayca ikinci “Ağıllı kənd”in əsası qoyulub və layihənin icrasına hazırlıq işləri davam edir. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün burada qurulacaq təsərrüfatların istehsal vasitələri, aqrotexniki xidmətlər, məsləhət-informasiya xidmətləri ilə təmin edilməsi də vacib məsələlərdəndir. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən lazımi tədbirlər görülüb, məskunlaşma ilə paralel olaraq bu fəaliyyətlərin həyata keçirilməsinə başlanılacaq”, - deyə kənd təsərrüfatı naziri əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.