MƏDƏNİYYƏT
İncəsənət Kollecinin müəllimlərinin yaradıcılıq sərgisi
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində bu təhsil ocağının nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci müəllimlərinin yaradıcılıq sərgisi açılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, sərgidə təsviri, dekorativ-tətbiqi, dizayn, heykəltəraşlıq, xalçaçılıq, bədii keramika, teatr-dekorasiya və s. incəsənət sahələrində yaradıcılıqla məşğul olan rəssam-müəllimlərin müxtəlif mövzularda işləri nümayiş olunub. Mənzərə, portret, natürmort, bədii keramika, xalçaçılıq və digər növ və janrlarda işlənmiş 50-yə yaxın əsər iştirakçıların marağına səbəb olub.
Sərginin məqsədi müəllimlərin gələcək rəssamlarda təsvir savadı ilə birgə yaradıcılıq arzusunu və həvəsini artırmaq, tələbələr arasında yaradıcılıq körpüsü yaratmaqdır.
Qeyd edək ki, ADRA-nın nəzdində fəaliyyət göstərən İncəsənət Kolleci 90 illik tarixi ənənəyə malik təhsil ocağıdır. Müasir Azərbaycan təsviri və dekorativ sənətlərin yaranmasında və formalaşmasında mühüm rol oynayan bu məktəb Azərbaycan rəssamları üçün daim əsl sənət məbədi rolunu oynayıb.