ELM VƏ TƏHSİL
İncəsənət müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə və Yer Gününə həsr edilmiş incəsənət müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Müsabiqə ABŞ-ın Azərbaycandakı səfirliyi, “Rəsm” zərgərlik evi, Təhsil Nazirliyinin nəzdindəki uşaq-gənclər mərkəzləri tərəfindən birgə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə müsabiqə barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, müsabiqə 6-16 yaşında olan gəncləri ətraf mühit məsələləri barədə maarifləndirmək və istedadlı uşaqları aşkara çıxarmaq məqsədilə keçirilib. Beynəlxalq münsiflər heyəti müsabiqəyə təqdim olunan 500-dən çox əl işindən 60-nı seçib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə müşavir vəzifəsini icra edən Haydi Smis müsabiqənin əhəmiyyətindən danışıb, ətraf mühitin mühafizəsinin vacibliyini vurğulayıb.
Müsabiqənin qaliblərinə mükafat və sertifikatlar təqdim edilib.
Sonra tədbir iştirakçıları seçilən əl işləri ilə tanış olublar.