ELM VƏ TƏHSİL
“İncəsənətdə Nəsimi obrazı” mövzusunda respublika elmi-praktik konfransı keçirilib
Bakı, 28 iyun, AZƏRTAC
İyunun 28-də AMEA-nın Humanitar Elmlər Bölməsinin, Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə “İncəsənətdə Nəsimi obrazı” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dövlətimizin başçısının müvafiq sərəncamlarından irəli gələrək AMEA-nın Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatlar tərəfindən silsilə konfransların, elmi sessiyaların keçirildiyini, həmçinin mətbuatda İmadəddin Nəsimi yaradıcılığının təbliğ edildiyini, eləcə də azərbaycanlı alimlərin Serbiya, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə şairə həsr olunmuş tədbirlərdə iştirak etdiklərini söyləyib. Akademik, həmçinin cari ildə ikinci Nəsimi festivalının, o cümlədən noyabr ayında AMEA-da “Nəsimi ili” çərçivəsində yekun konfransın keçiriləcəyini deyib.
İsa Həbibbəyli xatırladıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyi UNESKO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. Ümummilli Liderin qətiyyəti sayəsində Bakıda Nəsiminin heykəli ucaldılıb, bədii film çəkilib, balet, poema yazılıb, metro və rayon şairin adına adlandırılıb, onun əsərləri ana dilində kütləvi çap olunub. Məhz həmin illərdə görülən tədbirlər nəticəsində bütün dünyaya Nəsiminin Azərbaycan şairi olması nümayiş etdirilib.
Mütəfəkkir şair Nəsiminin yaradıcılığının Azərbaycan dilinin və ədəbiyyatının inkişafında mühüm yer tutduğunu deyən AMEA-nın vitse-prezidenti bu gün ədibin əsərlərinin daha dərindən tədqiq edilməsinin zəruriliyini vurğulayıb. Alim Ədəbiyyat İnstitutu tərəfindən “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” monoqrafiyasının hazırlandığını və il ərzində nəşr olunacağını bildirib.
Müstəqillik dövründə isə Prezident İlham Əliyevin imzaladığı sərəncamların şairin əsərlərinin çapında, dünyada təbliğində mühüm rol oynadığını söyləyən AMEA-nın vitse-prezidenti ölkə rəhbərliyinin təşəbbüsü ilə Nəsimi irsinin davamçısı Məhəmməd Cövdət Nəsiminin və ailəsinin Azərbaycana gəldiyini, onların ata-baba yurdu olan Şamaxı şəhərini ziyarət etdiklərini xatırladıb.
Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək Nəsiminin bədii obrazının Azərbaycan incəsənətində yaradılmasını milli mədəniyyətimizə ən gözəl töhfə olduğunu vurğulayıb. Ərtegin Salamzadə qeyd edib ki, Nəsimi obrazı təkcə heykəltəraşlıqda yox, həm də rəngkarlıqda, xalça sənətində öz əksini tapıb, onun poçt markalarındakı sonrakı təsvirləri öz orijinallığını qoruyub saxlayıb.
Konfransda, həmçinin sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadovanın “İmadəddin Nəsimi poeziyası muğam-ozan konseptuallıq kontekstində”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovun “Nəsimi obrazının Azərbaycan teatrında səhnə təcəssümü” və Əməkdar incəsənət xadimi Ayaz Salayevin “Nəsimi” filmi sovet dövlətinin qürubu dövründə milli özünüdərk amili kimi” mövzularında məruzə ilə çıxış ediblər.