CƏMİYYƏT
İndi məhsullarımı satmaq üçün bazar axtarmaq kimi bir çətinliyim yoxdur
Bakı, 20 fevral, AZƏRTAC
“ABAD” tərəfindən dəstəklənən sənətkarlardan biri də Bakı şəhər sakini Nuridə Hüseynovadır. O, ixtisasca dizaynerdir.
AZƏRTAC xəbər verir ki, N.Hüseynova dekorativ-tətbiqi sənətin bir neçə istiqamətində müxtəlif əl işləri hazırlayır.
Artıq 15 ildir ki, bu sahədə fəaliyyət göstərən N.Hüseynova bildirib ki, o, keramikadan milli gəlinciklər hazırlayır, sonra onlara don geyindirir.
“Bu sahəyə həvəsim daim böyük olub, təhsilimi də elə bu istiqamətdə almışam. Heykəltəraşlığa böyük marağım bu gün mənim keramik əsaslı gəlinciklərimi hazırlamaqda işimə çox dəstək olur”, - deyə N.Hüseynova əlavə edib.
Azərbaycan memarlıq məktəbinə xas qədim binaları da keramikadan istifadə etməklə canlandırdığını deyən sənətkar bildirib: “Mən daha çox Avropa və Şərq üslubunun sintezini yaratmağı sevirəm. Bu zaman gördüyüm binaları olduğu kimi gil üzərində təsvir etmirəm. Məsələn, İçərişəhərdə olan bir binanın təsvirini dərhal keramikaya köçürmürəm, əvvəlcə onun görünüşünü təxəyyülümdə formalaşdırır, sonra isə real görüntü və fantaziyamın sintezini yaradıram. Hazırladığım bütün məhsullar mənim müəllif işlərimdir”.
“ABAD”a müraciəti barədə danışan N.Hüseynova qeyd edir ki, indi onun üçün işləmək çox rahatdır: “Satışın təşkili ilə bağlı dəstək işimi xeyli asanlaşdırıb. İndi məhsullarımı satmaq üçün bazar axtarmaq kimi bir çətinliyim yoxdur”.
Qeyd edək ki, Nuridə Hüseynovanın əl işləri ilə “ABAD” sərgi-satış mərkəzlərində tanış olmaq mümkündür.