CƏMİYYƏT
İndiki koronavirus xəstələrinin vəziyyəti əvvəlkilərlə müqayisədə daha ağırdır
Bakı, 20 iyun, AZƏRTAC
İndiki günlərdə COVID-19-a yoluxmuş xəstələr mart-aprel aylarında yoluxmuş xəstələrdən çox fərqlənir. Virusun mutasiyası baş verir. Hazırda müşahidə edilən koronavirus daha ağırdır. Demək olar ki, assimptomatik xəstələrə çox az rast gəlinir.
AZƏRTAC xəbər verir ki, bunu bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva söyləyib.
“Artıq xəstəliyə yoluxmaq yaşdan asılı deyil. Orta yaşlı və cavan xəstələrdə çox ciddi fəsadlarla keçən respirator xəstəlik, ikitərəfli pnevmoniya qeydə alınır. Buna görə də hər kəsi vətəndaş məsuliyyəti nümayiş etdirməyə səsləyirəm. Virus sərhəd, yaş, sosial təbəqə tanımır. Qalib gəlmək üçün birlikdə mübarizə aparmalıyıq”, - deyə Y.Qarayeva qeyd edib.