İQTİSADİYYAT


İndiyədək 200-dən çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb edilib

Bakı, 5 dekabr, AZƏRTAC

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, 2020-ci il ölkəmizdə "Könüllülər ili" elan edilib. “Könüllülər ili”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) könüllü olmuş 7 gənc agentliyin struktur bölmələrində işlə təmin olunub. Ümumilikdə indiyədək 200-dən çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb edilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, "Könüllülər ili"nə töhfə vermək məqsədilə agentliyin dəstəyi və "KOB könülllüləri"nin təşəbbüsü ilə "Könüllünün öz/əl kitabı" nəşr edilib və ölkəmizdə fəaliyyət göstərən müxtəlif təşkilatların könüllülərinə pulsuz paylanılıb. 2020-ci ildə “KOB könüllüləri” agentliyin dəstəyi və iştirakı ilə keçirilmiş müxtəlif tədbirlərin, aksiyaların təşkilinə dəstək göstərib, könüllülərin təşəbbüsü ilə müxtəlif layihələr həyata keçirilib.

Gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, peşəkar əmək fəaliyyətinə başlayanadək onlara əmək vərdişlərinin aşılanması, eləcə də sahibkarlara dəstək məqsədilə KOBİA-da 2018-ci ildən “KOB Könüllüləri” Proqramı həyata keçirilir, Könüllü Şurası fəaliyyət göstərir.

“KOB könüllüləri” agentliyin inzibati binasında, "KOB Dostu" ofislərində, KOB evlərində və qurumun digər strukturlarında gündəlik iş prosesində yaxından iştirak etməklə təcrübə toplayır, öz bilik və bacarıqlarını artırırlar. İki ay davam edən könüllülük fəaliyyətinin sonunda "KOB könüllüləri"nə sertifikatlar verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.