ELM VƏ TƏHSİL


İndiyədək 30 minədək namizəd müəllim olmaq üçün imtahan verib

Bakı, 2 avqust, AZƏRTAC

Ümumtəhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin test mərhələsi davam edir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iyulun 25-dən başlayan imtahanlarda indiyədək 30 minədək namizəd iştirak edib. Namizədlər 90 dəqiqə ərzində ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırıblar.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 47 min nəfərə yaxın şəxsin elektron ərizəsi təsdiq edilib. İmtahanda iştirak edəcək müəllimlər www.miq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər.

İmtahana gələrkən müəllimlərdən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və bildirişi gətirmələri xahiş olunur.

İmtahanlar avqustun 5-dək davam edəcək. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər müsabiqənin test mərhələsindən sonra vakansiya seçimi edə biləcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.