CƏMİYYƏT
İndiyədək 3 minədək şəhid ailəsi üzvünə və qaziyə psixoloji yardım göstərilib VİDEO
Bakı, 13 iyun, AZƏRTAC
Vətən müharibəsindən sonra ötən ilin fevralın 28-nə kimi psixoloq və psixiatrlar 2 min 951 şəhid və qazi ailəsinə baş çəkiblər. Onlardan 2 min 455 ailə hərbi şəhid ailəsi, 51 ailə mülki şəhid ailəsi, 445 ailə isə yaralı hərbçilər və onların ailə üzvləri olub.
AZƏRTAC xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillə, sosial xidmətlərlə təminatı işlərinə dair keçirdiyi mətbuat konfransında deyib.
Sədr qeyd edib ki, 2020-ci il noyabrın 19-dan müharibə iştirakçılarının Vətən müharibəsi zamanı travmatik hadisələr nəticəsində zərər çəkənlərə stres, depressiya, təşviş, panik atak, ürək tutmaları, gərginlik və narahatlıqdan əziyyət çəkənlərə psixoloji travmalarının aradan qaldırılmasında dəstək göstərilməsi üçün onlayn psixoloji xidmət fəaliyyətə başlayıb. 2021-ci il avqustun 27-dək həmin xidmətə 1600 nəfər müraciət edib, onların 1109 nəfərinə onlayn psixoloji yardım göstərilib, 70 nəfər isə psixoterapevt müalicəsi üçün yönəldilib.
Bu il fevralın 1-də yaradılan Sosial Xidmətlər Agentliyinin “Qaynat xətt”inə isə indiyədək 2 min 450 müraciət daxil olub.