İQTİSADİYYAT
İndiyədək 49 şəhər və rayon mərkəzinin 38-də su şəbəkəsinin tikintisi başa çatıb
Bakı, 18 fevral, AZƏRTAC
Bu vaxtadək su təchizatı layihələrinin icrasına başlanılan 49 şəhər və rayon mərkəzinin 38-də su şəbəkəsinin tikintisi başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib. O bildirib ki, şəhər mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənd və qəsəbənin içməli su problemi öz həllini tapıb: “Regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min kilometrdən çox magistral və paylayıcı su, 6 min kilometr kanalizasiya xətləri çəkilib. Görülmüş işlərin real nəticəsi olaraq mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfə, fasiləsiz su alanların xüsusi çəkisi isə 4,8 dəfə artıb. Beləliklə, hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 69 faizi, regionlarda isə 44 faizə yaxını fasiləsiz içməli su ilə təmin olunur”.