DÜNYA
İndiyədək 70 ölkə və təşkilat “Pekin 2019” Bağçaçılıq Sərgisində iştirakını təsdiqləyib
Pekin, 19 noyabr, AZƏRTAC
İndiyədək 70 ölkə və beynəlxalq təşkilat 2019-cu ildə Çinin paytaxtı Pekində keçiriləcək beynəlxalq bağçaçılıq sərgisində iştirakını təsdiqləyib.
AZƏRTAC sərginin təşkilat komitəsinə istinadla xəbər verir ki, ötən ilin avqustundan sərgidə iştirak üçün müraciətlərin qəbuluna başlanılıb. Artıq Böyük Britaniya, Almaniya, Hollandiya, Yaponiya, Hindistan, Tayland və başqa ölkələr, habelə Şanxay Əməkdaşlıq Təşkilatı sərgidə iştiraklarını təsdiqləyiblər.
Təşkilatçılar güman edir ki, 2019-cu ilin aprelində işə başlayacaq 162 günlük sərgidə 100-dən çox ölkə və beynəlxalq təşkilat iştirak edəcək. Sərgidə xarici ölkələr və beynəlxalq qurumlar üçün nəzərdə tutulan hissə Avropa, Afrika, Asiya, Amerika və Okeaniya, habelə ayrıca beynəlxalq təşkilatlar bölməsindən ibarət olacaq. Sərgi günlərində hər bir ölkə öz tədbirlərini, o cümlədən milli günlərini, mədəni proqramları, forumları təşkil edə biləcək. Proqnozlara görə, təxminən 16 milyon nəfər “Pekin 2019” Bağçaçılıq Sərgisini ziyarət edəcək.
Hazırda 4 mindən çox işçi sərgi parkının qurulması işləri ilə məşğuldur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin