CƏMİYYƏT


İndiyədək ANAMA tərəfindən ümumilikdə 268 min şəxs maarifləndirmə fəaliyyətinə cəlb olunub

Bakı, 6 iyul, AZƏRTAC

Beynəlxalq mina təhlükəsi ilə mübarizə fəaliyyətinin ən önəmli komponentindən biri maarifləndirmə tədbirləridir. Maarifləndirmə tədbirləri İkinci Qarabağ müharibəsindən əvvəlki dövrlərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən fəal şəkildə aparılıb. 1991-ci ildən Vətən müharibəsinədək olan müddətdə 2948 nəfər vətəndaşımız mina və partlamamış hərbi sursatlardan zərər çəkib. Vətən müharibəsi dövründə düşmənin artilleriya atəşləri nəticəsində Gəncə, Bərdə və Tərtərdə mülki vətəndaşlarımız qətlə yetirilib. Bu şəhərlərdə Agentliyin apardığı əməliyyatlar zamanı beynəlxalq hüquq normaları ilə qadağa olunmuş xeyli sayda kaset sursatları, fosforlu mərmilər aşkarlanaraq zərərsizləşdirilib. Əməliyyatlar zamanı müxtəlif yerlərdə 400-ə yaxın kasetli mərmi aşkarlanaraq məhv edilib. ANAMA-nın mütəxəssisləri müxtəlif yerlərdə 40-dan çox partlamamış fosfor mərmiləri aşkarlayaraq zərərsizləşdiriblər. Bu baxımından insanların mərmiləri tanıması, təhlükəli ərazilərin əlamətlərinə bələd olması ilə bağlı maarifləndirmə işlərinin görülməsi vacib komponentlərdən biridir.

Bunu minatəmizləmə sahəsində aparılan maarifləndirmə tədbirləri barədə danışan ANAMA-nın Əməliyyat İdarəsinin rəisi əvəzi, Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov AZƏRTAC-a müsahibəsində deyib.

O, qeyd edib ki, indiyədək Agentlik tərəfindən ümumilikdə 268 min şəxs maarifləndirmə fəaliyyətinə cəlb olunub. İlk əvvəl maarifləndirmə tədbirləri əvvəllər təmas xətti dediyimiz ərazilərə yaxın yerlərdəki təhsil müəssisələrində təşkil olunub. Bunun üçün Agentlik Təhsil Nazirliyi ilə müvafiq əməkdaşlıq qurub. Hazırda UNICEF, Təhsil Nazirliyi və ANAMA-nın birgə fəaliyyət proqramı çərçivəsində bu işlər 80-dən çox kənddə icra edilir. Bir ilə yaxındır ki, əvvəllər təmas xətti dediyimiz ərazilər boyu icma qrupları yaradılıb. Həmin icma qrupları müvafiq qaydada təlimantlandırılıb və müxtəlif məkanlarda mina təhlükəsi ilə bağlı məlumatları vətəndaşlarımıza çatdırırlar.

Vurğulanıb ki, Agentlik, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə də maarifləndirmə tədbirlərini həyata keçirir. Həmin ərazilərdə minadan çirklənmə səviyyəsi çox yüksəkdir: “Bizim sosial infrastruktur layihələrinə cəlb edilmiş həm dövlət, həm də özəl qurumların texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə əməkdaşları, eləcə də həmin ərazilərdə işi icra edən rəhbər işçiləri üçün təlimçilərin təlimi təşkil olunub. Bu kontekstdə onlar bütün təhlükəsizlik təlimatları, sursatların tanınması, təhlükəli ərazilərin əlamətləri, bu ərazilərdə davranış qaydaları ilə bağlı məlumatlandırılıb. Hazırda bu proses davam edir. Orada çalışan təxminən yeddi minə yaxın işçi ANAMA-nın müvafiq təlimlərindən keçib və onlara müvafiq təlimat kitabçaları təqdim olunub. Şuşa və Ağdam şəhərlərinə vətəndaşlarımızın və turistlərin daşınması üçün istifadəyə verilən müntəzəm

avtobus marşrutlarında çalışan işçilərin, bələdçilərin maarifləndirilməsi, bu sahədə biliklərin onlara çatdırılması istiqamətində ANAMA müvafiq tədbirlər görüb”.

Agentliyin digər ən əsas istiqamətlərindən birinin də maarifləndirmə tədbirlərinin müxtəlif videoçarxlar vasitəsilə, minadan zərərçəkənlərin dili ilə vətəndaşlarımıza çatdırmaq olduğunu söyləyən idarənin rəis əvəzi deyib: “Bu istiqamətdə biz müxtəlif media qurumları ilə sıx əməkdaşlıq edirik. Ordumuz Vətən müharibəsində düşmən üzərində Zəfər çalsa da, ermənilərin yerin altında basdırdığı düşmənlə hələ də mübarizə aparırıq. Odur ki, həm dövlət, həm özəl qurumlarımız, həm də vətəndaşlarımız bu mübarizədən minimum itkilərlə çıxmaq üçün birlikdə çalışmalıdır. Eyni zamanda, burada vətəndaş məsuliyyətini xüsusi qeyd etməliyik. Vətəndaşlar mina təhlükəsi məsələsində çox diqqətli olmalıdırlar. Əgər kimsənin hansısa təhlükəli ərazi barədə məlumatı varsa, bu barədə dövlət qurumlarına və digərlərinə çatdırmalıdırlar. Bununla bağlı məktəblərdə Təhsil Nazirliyi ilə birgə hazırladığımız metodiki tövsiyələr mina ilə bağlı maarifləndirmə işinə mühüm töhfə verir. Amma işğaldan azad olunan yerlərdə çalışan işçilərin də digər vətəndaşlara bu ərazilərə keçməyə çəkindirən çağırışları olmalıdır. Bəzən insanlar sadəcə şəxsi maraqlarından və mənafelərindən çıxış edərək həmin ərazidəki təhlükəyə baxmayaraq, şüurlu şəkildə kənd təsərrüfatı fəaliyyəti və başqa işlərlə məşğul olurlar ki, bu zaman mina hadisəsi baş verir. Odur ki, vətənlaşlarımızın bu yerdə məsuliyyətini xüsusi vurğulamaq istəyirəm. Vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirəm ki, təhlükəli və şübhəli olan istənilən əraziyə qanunsuz keçmək qadağandır. Keçmiş məcburi köçkünlərimizə də bir az da səbirli olmağı tövsiyə edirəm. Belə ki, artıq onların doğma yurd-yuva həsrəti bitib. Müharibədən sonra bu ərazilərdə böyük quruculuq və bərpa işləri aparılır. Ərazilər minalardan təmizləndikdən sonra vətəndaşlarımızın daha təhlükəsiz Qarabağa qayıdışı təmin olunacaq”.

Ramil Əzizov, eyni zamanda, həmin ərazilərdə çalışan müxtəlif qurumların əməkdaşlarına çağırış edib. Qeyd edib ki, orada çalışan işçilər fəaliyyət göstərdiyi müddətdə minalardan təmizlənmiş ərazilərdən kənara çıxmasınlar. Əgər hər hansı yerlərdə səngərlər, xəndəklər vardırsa, oraya yaxınlaşmasınlar. Çünki düşmən həmin ərazilərdə müxtəlif istiqamətlər üzrə müdafiə xətləri qurub. “Burada yalnız son dövrlərdə basdırılan hərbi sursatlardan söhbət getmir. Həm də Birinci Qarabağ müharibəsində basdırılan minalar orada qalır ki, bununla bağlı bizdə məlumatlar azdır. Bəzən elə ərazilər olur ki, orada iki-üç təsadüfü mina aşkarlanır. Bu baxımdan insanlara naməlum ərazilərə səfər etməməyə tövsiyə edirəm. Bu ərazilərə səfər edərək kiminsə orada minaya düşərək yaralanması və ya ölməsi bütöv ailənin böyük faciəsinə səbəb ola bilər. Bu baxımdan vətəndaşlarımızın ailə üzvlərini və yaxınlarını düşünmələri çox vacibdir. Vətəndaşlarımız məftillərlə hörülmüş ərazilər, minaların daşınması üçün kəndirlər, lentlər, ANAMA-nın istifadə etdiyi taxta payalar, partlayış çalaları olan yerlər, hərbi və mülki texnika qalıqları, heyvan sümükləri olan yerlər, hərbi sursat təhlükəsini bildirən işarələr görərlərsə, bu ərazilərdən qəti şəkildə uzaqda dayansınlar”, - deyə o əlavə edib.

Şöbə müdiri bildirib ki, işğaldan azad olunmuş ərazilər Sovet dövründə geniş şəkildə əkilmiş kənd təsərrüfatı sahələridir. Bu gün həmin yerlər təhlükəsiz istifadəyə hazırlanır: “İnsanlarımıza çağırış edirik ki, bu ərazilərə qanunsuz səfərlər etməsinlər. Daxili işlər orqanlarının əməkdaşları vətəndaşlarımıza mina təhlükəsi olan ərazilərdən uzaq durmaları ilə əlaqədar daim çağırış edirlər. Onların maarfləndirilməsi və doğru yola səmtlənməsi ilə bağlı zəruri tədbirlər həyata keçirirlər. Lakin əvvəllər təmas xətti deyilən böyük ərazinin hər yerində polis postlarının yerləşdirilməsi mümkün deyil. Ona görə bu yerdə vətəndaş məsuliyyəti olduqca önəmlidir. Ermənilər bu ərazilərə çoxsaylı hərbi sursatlar basdırıblar və mina xəritələrini ölkəmizə tam şəkildə təqdim etmirlər. Verilən mina xəritələri isə əslində formulyarlardır. Formulyarları bir neçə konkret ərazi üzrə birləşdirəndə bu xəritə anlamına gəlir. Bizim əlimizdə dürüst formulyarlar olmalıdır ki, biz ona əsasən mina xəritəsini çıxarda bilək. Təəssüflər olsun ki, düşmən tərəfindən təqdim edilmiş bu formulyarların böyük hissəsi düzgün deyildir. Həmin ərazilərdə minaların bəziləri aşkarlansa da, onların böyük hissəsi formulyarda göstərilən yerlərdə aşkarlanmayıb. Bəzən də mina basdırılan yerlər barədə məlumatların ümumiyyətlə mövcud olmaması faktları ilə rastlaşmışıq. Ümumi deyə bilərik ki, bizə verilən formulyarlardan 25 faiz ətrafında istifadə etmək mümkündür.

Ümumən isə qeyd etmək istərdim ki, minalardan heç kim sığortalanmayıb, bu səbəbdən mina təhlükəsindən qorunmaq üçün hər bir vətəndaş nizam-intizamlı, məsuliyyətli davranmalı və təbliğ olunan maarifləndirmə meyarlarına riayət etməlidir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.