İQTİSADİYYAT
İndiyədək sahibkarlara 4 min 300-dən çox lisenziya verilib
Bakı, 15 avqust, AZƏRTAC
2015-ci il noyabrın 2-dən indiyədək sahibkarlıq subyektlərinə 4 min 300-dən çox lisenziya verilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, lisenziyaların 2450-dən çoxu yeni verilib, 1871-i isə müddətsiz lisenziya ilə əvəz edilən lisenziyalardır.
Bu ilin ötən dövrü ərzində isə sahibkarlara 966 lisenziya verilib. Bunun 683-ü yeni verilib, 283 lisenziya isə müddətsiz lisenziya ilə əvəz edilib. Lisenziyalar əsasən əczaçılıq, özəl tibb, tikinti-quraşdırma işləri, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, baytarlıq preparatlarının satışı, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması, yanğından mühafizə, qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, təhsil və sair fəaliyyət sahələrinə verilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" 19 oktyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, 2015-ci il noyabrın 2-dən etibarən lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə verilməsinə başlanılıb.