İQTİSADİYYAT
İndiyədək sahibkarların 10-a yaxın assosiasiyası yaradılıb
Bakı, 7 iyul, AZƏRTAC
İndiyədək Azərbaycanda sahibkarların 10-a yaxın assosiasiyası (tikinti materialları istehsalçıları, qablaşdırma sənayeçiləri assosiasiyaları və s.) yaradılıb. Mebel İstehsalçıları Assosiasiyasının yaradılması da məhz bu məqsədə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov iyulun 7-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakıda "Assosiasiyaların rolunun artırılması: Azərbaycan-Türkiyə təcrübə mübadiləsi" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir müavini sənaye istehsalının artırılması istiqamətində görülən işlər, bu sahənin inkişafı üçün həyata keçirilən dövlət dəstəyi tədbirləri barədə məlumat verib. N.Səfərov görüşün mebel istehsalçıları ilə son zamanlar təşkil edilmiş 3-cü tədbir olduğunu xatırladaraq, müəssisələr arasında əməkdaşlığın genişləndirilməsi, kooperasiya əlaqələrinin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Türkiyənin mebel sənayesi sahəsində fəaliyyət göstərən iş adamlarının iştirak etdiyini diqqətə çatdıran nazir müavini, Mebel İstehsalçıları Assosiasiyasının fəaliyyətinin gücləndirilməsi, mebel istehsalı sahəsində təcrübə mübadiləsi aparılması üçün iş adamlarını müzakirələrdə fəal iştiraka dəvət edib.
Türkiyənin İnegöl Mebel Sənayeçiləri Dərnəyinin rəhbəri Yavuq Uğurdağ, Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının rəhbəri Məşhur Məmmədov təmsil etdikləri qurumların fəaliyyəti barədə təqdimatla çıxış edib, bu sahədə təcrübələrini bölüşüblər.
Sahibkarlar Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının fəaliyyətinin gücləndirilməsi barədə təkliflərini səsləndiriblər.
Türkiyəli iş adamlarının ölkəmizə səfəri çərçivəsində mebel istehsalı müəssisələrində ikitərəfli görüşlərin təşkili nəzərdə tutulur.
Tədbirdə İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, mebel istehsalı sahəsində fəaliyyət göstərən 50-yə yaxın müəssisənin və Türkiyədə 200-dək müəssisəni özündə birləşdirən İnegöl Mebel Sənayeçiləri Dərnəyinin nümayəndə heyəti iştirak edib.