SİYASƏT


İndoneziya Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinə tərəfdardır

Cakarta, 1 oktyabr, AZƏRTAC

İndoneziya Ermənistan və Azərbaycan arasında hərbi qarşıdurmanın BMT Təhlükəsizlik Şurasının (TŞ) müvafiq qətnamələrinə əsasən həllinə tərəfdardır və tərəfləri silahlı qarşıdurmanı dayandırmağa çağırır.

AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziya Xarici İşlər Nazirliyinin oktyabrın 1-də rəsmi “Twitter” səhifəsində yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir: “İndoneziya hər iki tərəfi təmkin nümayiş etdirməyə, atəşkəs rejiminə əməl etməyə, dialoqa şərait yaratmağa və münaqişəni BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və beynəlxalq hüquqa uyğun həll etməyə çağırır”.

Sənəddə, həmçinin Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar masasının arxasına əyləşməyə dəvət olunur.

İndoneziyanın ANTARA rəsmi dövlət informasiya agentliyinin bu barədə yaydığı məlumatda qeyd edilir ki, Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə fəaliyyət göstərən ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək məqsədilə 1992-ci ildə yaradılsa da, indiyədək heç bir nəticəyə nail olmayıb.

Bildirilir ki, Dağlıq Qarabağ regionu Cənubi Qafqazda yerləşən Azərbaycanın dağlıq rayonudur. Həmin ərazi beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən Azərbaycan ərazisi kimi qəbul olunsa da, hazırda burada əsasən ermənilər yaşayırlar. Münaqişənin əvvəllərində bu ərazidə yaşayan azərbaycanlılar ermənilər tərəfindən ya öldürülüb, ya da zorla qovulublar. İşğal altında qalan ərazidə qondarma “Dağlıq Qarabağ respublikası” elan olunsa da o, heç bir rəsmi təşkilat və ölkə tərəfindən tanınmayıb.

Sentyabrın 27-də Ermənistan ordusunun Azərbaycana qarşı növbəti təxribatı iriçaplı silahların və artilleriyanın da cəlb olunduğu daha böyük qarşıdurmaya səbəb olub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.