İDMAN
İndoneziya, Sinqapur və Filippin KİV-ləri Bakıda keçirilən Formula-1 yarışına geniş yer ayırıb
Tokio, 21 iyun, AZƏRTAC
İndoneziya, Sinqapur və Filippin KİV-ləri iyunun 17-dən 19-dək Bakıda keçirilən Formula 1 Avropa Qran-pri yarışına geniş yer ayırıb.
Bu ölkələrdəki bütün KİV-lərin idman bölmələri Formula-1 yarışına xüsusi diqqət yetirib, hətta onlardan bəziləri digər mövzularda olan səhifələrində də Azərbaycanın belə bir mötəbər yarışa ev sahibliyi etməsinə dair məqalələr yayıb. Bu məqalələrdə diqqət son vaxtlar Bakıda keçirilən və yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan beynəlxalq idman tədbirlərinə yönəldilir. Son illər Azərbaycanın sürətli inkişafı, ölkənin dünyada tanıdılması və tədricən beynəlxalq idman arenasına transformasiya olunması haqqında bəhs edilir.
Hələ Formula-1 yarışının başlamasından aylar öncə İndoneziyada populyar xəbər portallarından olan “Otosia” (www.otosia.com) bu idman tədbiri barədə məqalə yaymışdı. İl ərzində 10 milyonlarla avtomobil həvəskarı bu portalı hər gün izləyir. Bakıdakı Formula-1 halqasına diqqət çəkən portal bildirir ki, bu dairə şəhərin tarixi mərkəzini əhatə edir və bu da izləyicilər üçün xüsusi maraq doğurur. Bakı dairəsi həm Formula-1 pilotları, həm də izləyicilər üçün nadir imkan yaradır.
İndoneziyalı pilot Rio Haryantonun da iştirak etdiyi bu yarışlar ölkədə xüsusi diqqətlə izlənilib. Yarışı canlı izləmək üçün təşkil olunan xüsusi yerlərdə böyük monitorlar quraşdırılmışdı.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio