DÜNYA
İndoneziya aviaşirkəti “Boeing 737 Max” təyyarələrinin alınması barədə danışıqları dayandırıb
Bakı, 29 oktyabr, AZƏRTAC
İndoneziyanın “Lion Air” aviakompaniyası bu gün baş vermiş qəzadan sonra “Boeing 737 Max” təyyarələrinin alınması barədə danışıqları dayandırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, danışıqlar ən azı aviasiya qəzasının səbəblərini araşdıran təhqiqatçıların yekun məruzəsinə qədər dondurulub.
“Cəmi iki ay öncə istehsal olunmasına baxmayaraq, qəzaya uğrayan təyyarədə bundan əvvəlki uçuş zamanı nasazlıq aşkarlanmışdı. Biz Max proqramından 10 ədəd 737 laynerinin satın alınması üzrə “Boeing” kompaniyası ilə danışıqları dayandırırıq”, - deyə aviadaşıyıcının bəyanatında bildirilir.
Xatırladaq ki, Cakartadan Sumatra adasına uçan “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsi bu gün yerli vaxtla 6:33-də Yava adasının qərbində qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 181 sərnişinin və 8 ekipaj üzvünün hamısı həlak olub.