DÜNYA
İndoneziya meşə yanğınlarına görə dörd əyalətdə fövqəladə vəziyyət elan edib
Tokio, 21 fevral, AZƏRTAC
İndoneziya meşə yanğınlarına görə dörd əyalətdə fövqəladə vəziyyət elan edib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, artıq ənənə halı almış yanğınlar ölkənin əsas probleminə çevrilib və yaxın zamanlarda vəziyyətin daha da ağırlaşacağı gözlənilir.
Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli İdarənin rəsmi nümayəndəsinin bildirdiyinə görə, fövqəladə vəziyyət Cənubi Sumatra, Riau, Qərbi və Mərkəzi Klimantan əyalətlərində elan olunub. Qeyd edilib ki, yanğınlara səbəb cari ildə müşahidə edilən kəskin quraqlıqdır. Süni peyklər son 24 saat ərzində xüsusən Qərbi Klimantan əyalətində, ümumilikdə, 90-a yaxın yanğın nöqtəsi aşkar edib.
Quraqlıq fəslinin iyunda ən yüksək nöqtəyə çatacağı gözlənilir ki, bu da yanğın ərazilərinin daha da artacağını deməyə əsas verir. İndoneziyada quraqlıqla əlaqədar yanğınlar əsasən aprel ayından oktyabradək müşahidə edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio