SİYASƏT
İndoneziya radiosunda Azərbaycanın COVID-19 pandemiyası ilə bağlı beynəlxalq təşəbbüslərindən danışılıb
Cakarta, 22 aprel, AZƏRTAC
Azərbaycanın İndoneziyadakı səfirliyi tərəfindən nüfuzlu “RRİ - İndoneziyanın səsi” radiosunun təşkil etdiyi diplomatik forumda ölkəmizin COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq səviyyədə gördüyü işlər haqqında danışılıb.
AZƏRTAC xəbər verir ki, “Səyahət dəhlizi, iqtisadiyyatı bərpa etmək üçün fürsət” adlı forumda çıxış edən Azərbaycanın İndoneziyadakı səfirliyinin ikinci katibi Emil Əhmədov COVID-19 pandemiyasının digər ölkələrdə olduğu kimi, Azərbaycanda da turizm sektoruna mənfi təsirindən danışıb. Bunun ölkə əhalisi arasında virusa yoluxmanın qarşısının alınması məqsədilə atılan addımlardan irəli gəldiyini qeyd edib. Pandemiya ilə mübarizədə Azərbaycanın yalnız ölkə daxilində deyil, həmçinin beynəlxalq səviyyədə fəal iş apardığını bildirib. Bu çərçivədə Azərbaycanın təşəbbüsü ilə ötən il BMT Baş Assambleyasında videokonfrans formatında COVID-19 pandemiyasına dair Xüsusi Sessiyanın keçirildiyi, habelə BMT-nin İnsan Hüquqları Şurasında “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin yekdilliklə qəbul edildiyi vurğulanıb. Bununla yanaşı, pandemiya dövründə Azərbaycanda turizm sektoru da daxil olmaqla, sahibkarlara dəstək məqsədilə dövlət tərəfindən vəsaitin ayrıldığı qeyd edilib.
Tədbirdə, həmçinin İndoneziyanın turizm və yaradıcı iqtisadiyyat naziri Sandiaqo Uno, İndoneziya Turlar və Səyahət Agentlikləri Assosiasiyasının rəhbəri Nunung Rusmiati çıxış edərək COVID-19 pandemiyası şəraitində böyük zərər dəymiş turizm sektorunun dirçəldilməsi məqsədilə ölkələr arasında səyahət dəhlizinin yaradılması təşəbbüsündən danışıblar.
Forum iştirakçılarının ünvanlandığı suallar Azərbaycan səfirliyinin əməkdaşı və mövzu ilə bağlı çıxış edən digər mütəxəssislər tərəfindən cavablandırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta