SİYASƏT
İndoneziya saytı: Türkiyə Ermənistanın Azərbaycana qarşı növbəti təxribatını kəskin pisləyib
Cakarta, 13 iyul, AZƏRTAC
İndoneziyanın “respublika.co.ıd” saytı Türkiyənin Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatını kəskin pisləyən məqalə yayıb.
İndoneziya dilində yayılan məqalədə bildirilir ki, Ermənistanın artilleriya atəşi nəticəsində Azərbaycanın bir neçə hərbi qulluqçusu şəhid olub və yaralanıb.
Anadolu Agentliyinə istinadla yazılan məqalədə Ermənistanın işğalçılıq siyasətinin cavabsız qalmayacağı qeyd edilir.
Məqalədə Azərbaycan Müdafiə Nazirliyinə istinadla bildirilir ki, Ermənistan qoşunları Azərbaycanın şimal-qərbində yerləşən Tovuz rayonunu atəşə tutublar. Türkiyə XİN Ermənistanın bu hərəkəti ilə yanaşı, digər işğalçı hərəkətlərini də xatırladıb. Qeyd edilib ki, Ermənistan artıq uzun müddətdir ki, beynəlxalq ictimaiyyətin diqqətini işğal altında olan Dağlıq Qarabağdan və ətraf ərazilərdən yayındırmağa çalışır. Lakin bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab edir.
Həmin ərazilərin 1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi vurğulanır. Türkiyə XİN Ermənistanı bu “təhlükəli taktika”dan çəkinməyə, ağılla və qanunauyğun şəkildə hərəkət etməyə çağırıb.
Türkiyə bəyan edib ki, Ermənistan imkanlarını aşan ambisiyalarından əl çəkməlidir. Məhz bu ambisiyalar regionda sülhə və təhlükəsizliyə ən böyük təhdiddir.
Vurğulanıb ki, beynəlxalq ictimaiyyət işğalı dayandırmaq üçün səylərini artırmalıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta