ELM VƏ TƏHSİL


İndoneziya səfirinin AzMİU-nun tələbələri ilə görüşü olub

Bakı, 14 mart, AZƏRTAC

İndoneziya Respublikasının ölkəmizdəki səfiri Husnan Bəy Fanani Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrlə görüşüb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova İndoneziyanın ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu deyib. G.Məmmədova səfirin ölkəmizi çox sevdiyini, Azərbaycanın tarixini, mədəniyyətini yaxşı tanıdığını vurğulayıb.

Universitetin rəhbərliyini, müəllimləri və tələbələri salamlayan səfir görüşün təşkil edilməsinə görə AzMİU-nun rəhbərliyinə təşəkkür edib. Hüsnan Bəy Fanani Novruz bayramı ərəfəsində AzMİU-nun tələbələri ilə görüşmək və onların qarşısında çıxış etməkdən məmnun olduğunu bildirib.

Diplomat əhalisinin sayına görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziya Respublikasının tarixi, mədəniyyəti və iqtisadiyyatı haqqında tələbələrə ətraflı məlumat verib. Mədəni və mental dəyərlər baxımından iki ölkə xalqı arasında oxşarlıq olduğunu bildirən səfir İndoneziyanın multikultural, plüralist ölkə olduğunu diqqətə çatdırıb.

O, Azərbaycanda olduğu qısa vaxtda bu ölkəni artıq yaxşı tanıdığını və sevdiyini bildirib. Azərbaycan mədəniyyəti, elmi, ictimai-siyasi həyatı ilə uşaqlıq yaşlarından maraqlandığını deyən səfir Azərbaycanda çox böyük işlərin görüldüyünü, ölkəmizin dinamik inkişaf yolunda olduğunu bildirib.

Hüsnan Bəy Fanani Azərbaycanın dünyanın ən gözəl, zəngin ölkələrindən biri olduğunu vurğulayıb. Çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan diplomat ölkəsinin Azərbaycanın ədalətli mövqeyini, ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini vurğulayıb.

İndoneziyanın mədəniyyətini və paytaxtı Cakarta şəhərini əks etdirən videoçarxın nümayişindən sonra səfir əvvəlcədən hazırladığı musiqi kompozisiyası ilə tədbir iştirakçılarının təəccübləndirib. Səfirin pianodakı ifası maraqla qarşılanıb. Eyni zamanda, diplomat İndoneziya milli musiqisini və Azərbaycanın məşhur mahnıları olan xalq mahnısı “Sarı gəlin”, “Azərbaycan”, “Gəl səhərim”i ifa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.