İndoneziyada 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirilib
AzerTAg.az
Cakarta, 19 yanvar, AZƏRTAC.
Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “20 Yanvar – Azərbaycanın müstəqilliyə gedən yolu” adlı videokonfransda İndoneziyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Videokonfrans zamanı əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra səfirliyin müşaviri Gültəkin Həbibli çıxış edərək, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə baş vermiş faciə və buna qədər olan proseslərə dair geniş məlumat verib. Bu tarixin Azərbaycan xalqı üçün ağrılı olması ilə yanaşı, şərəfli olduğunu, bununla da dövlət müstəqilliyimizə gedən yolun başlanğıcının qoyulduğunu qeyd edib. Dövlətimizin, xalqımızın bu tarixi günü və şəhidlərimizin xatirəsini əziz tutduğunu bildirib.
Videokonfransda iştirak edən tələbələr, ayrı-ayrılıqda 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşərək, müstəqil Azərbaycan Respublikasının vətəndaşları kimi şəhidlərimizə borclu olduqlarını vurğulayıblar. Şəhidlərimizin yazdığı bu şanlı tarixlə fəxr etdiklərini bildiriblər. 20 Yanvar faciəsinin və Vətən müharibəsi zamanı şəhid olanların xatirəsinin onlar üçün əziz olduğunu qeyd ediblər.
Sonda G.Həbibli 20 Yanvar faciəsində vətən uğrunda həlak olan şəhidlərimizi bir daha minnətdarlıqla yad edərək qeyd edib ki, bu gün şəhidlərimizin ruhu şaddır. Çünki uzun illər işğala məruz qalmış torpaqlarımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusu tərəfindən azad edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta

Xəbərin mətnində orfoqrafik səhv var