DÜNYA
İndoneziyada COVID-19 virusuna yoluxanların sayı 200 mini ötüb
Tokio, 9 sentyabr, AZƏRTAC
İndoneziyada son həftələr ərzində COVID-19 virusuna yoluxanların sayı sürətlə artaraq 200 mini ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti məlumat yayıb. Hökumət mənbələrinin dərc etdiyi məlumata görə, ölkədə gündəlik artım 3046 nəfər təşkil etdikdən sonra virusa yoluxanların ümumi sayı 200 min 35 nəfər təşkil edib. Həmin virusun əmələ gətirdiyi xəstəlikdən 8 min 230 nəfərin həyatını itirdiyi, 142 min 958 nəfər isə sağaldığı qeyd edilir.
Bununla yanaşı, virusa ən çox yoluxmanın Cakartada olduğu bildirilir – 48 min 393 nəfər. Bunlardan 1317-nin həyatını itirdiyi qeyd edilir. Bundan sonra Şərqi Yavada 36 min 342 nəfər yoluxub, 2608 nəfər isə ölüb.
Eyni zamanda, İndoneziyanın həm mərkəzi, həm də yerli hakimiyyət orqanları yayılma ehtimalının daha çox olduğu bir sıra vilayətlərdə iqtisadiyyatın bərpası üçün genişmiqyaslı sosial məhdudiyyətlərin yumşaldılmasında israr edirlər. Son məlumatlar isə təsdiq edir ki, həmin məhdudiyyətlər yumşaldılmağa başlayan kimi infeksiya da artır.
Prezident Coko Vidodo da öz köməkçilərinə bildirib ki, COVID-19 virusundan müalicə və onun yayılmasının qarşısının alınması iqtisadi fəaliyyətin bərpasından daha vacibdir, çünki iqtisadi inkişafın əsasında məhz insanların sağlamlığı dayanır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio