DÜNYA


İndoneziyada prezidentliyə namizədin təşkil etdiyi ibadət-mitinqə yüz mindən çox insan qatılıb

Tokio, 8 aprel, AZƏRTAC

İndoneziyada prezidentliyə namizəd, hazırda dövlət başçısı olan Coko Vidodonun qarşıdakı seçkilərdə əsas rəqibi olan Prabovo Subiantonun Cakartada təşkil etdiyi ibadət-mitinqdə 100 mindən çox insan iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti məlumat yayıb. Bildirilir ki, mitinq ötən il keçirilən Asiya Oyunlarının əsas arenası olan Cakartadakı “Qelora Bunq Karno” stadionunda təşkil edilib. Stadion ümumilikdə 77 min tamaşaçı yerinə malikdir. İbadət-mitinq zamanı namizədin ağ paltar geyinmiş tərəfdarları tamaşaçı yerləri ilə yanaşı, futbol meydançasını və qaçış xətlərini də tutublar.

Namizəd P.Subianto çıxışında bildirib ki, onun proqramında ilk növbədə ölkədə dördüncü səviyyəli xərçəng xəstəliyi ilə müqayisə olunan korrupsiyaya qarşı mübarizə öz əksini tapıb. O, həmçinin deyib ki, İndoneziyanın iqtisadiyyatının sağlamlaşdırılması da növbəti administrasiyanın qarşısında duran əsas vəzifələrdən biridir. Bu, ölkədə iş yerlərinin yaradılmasına səbəb olar.

Xatırladaq ki, İndoneziya silahlı qüvvələrinin istefada olan generalı, 67 yaşlı P.Subianto İndoneziyanın sabiq prezidenti Suhartonun qohumudur və ölkənin həm siyasi, həm də işgüzar dairələri arasında böyük nüfuza malikdir. 2014-cü il prezident seçkilərinə qatılan sabiq general həmin seçkilərdə C.Vidodoya çox cüzi səs fərqi ilə məğlub olmuşdu.

İndoneziyada ölkə tarixində ilk dəfə həm prezidentin, həm vitse-prezidentin, həmçinin milli parlamentin və yerli qanunverici orqanların üzvlərinin seçiləcəyi ümumi seçkilər aprelin 17-də keçiriləcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.