DÜNYA
İndoneziyada qeyri-qanuni ovla məşğul olan 60-dan çox xarici gəmi batırılıb
Tokio, 17 avqust, AZƏRTAC
İndoneziyanın hökumət orqanları ölkəyə məxsus ərazi sularında qeyri-qanuni ovla məşğul olan 60-dan çox gəmini batırıb.
“The Straits Times” qəzetinin yazdığına görə, gəmilərin batırılması İndoneziyanın müstəqilliyini qazanmasının 71-ci ildönümü ilə əlaqədar təşkil edilib.
Dəniz İşləri və Balıqçılıq Təsərrüfatı Nazirliyinin rəsmi nümayəndəsinin bildirdiyinə görə, əməliyyat səkkiz rayonda həyata keçirilib. Nümayəndə qeyd edib ki, bu, İndoneziya xalqı üçün hədiyyədir və hökumətin qanunlara necə hörmətlə yanaşdığını bir daha təsdiq edir.
Bu, hökumət orqanlarının qanun pozan gəmiləri cəzalandırılması ilə əlaqədar ilk hal deyil, lakin bu dəfə gəmilərin hansı ölkələrin bayrağı altında üzdüyü barədə məlumat verilməyib. Əvvəllər İndoneziyada Vyetnama, Çinə və Filippinə məxsus olan gəmilər batırılıb. Belə hal xüsusən Çin tərəfinin kəskin tənqidi ilə qarşılanıb.
Ümumilikdə 2014-cü ildən bu günədək İndoneziyanın hökumət orqanları tərəfindən bu ölkəyə məxsus ərazi sularında qeyri-qanuni ov edən 170 xarici gəmi batırılıb. İndoneziyanın dəniz işləri naziri Susi Puciastuti beynəlxalq konfransların birində qeyri-qanuni balıq ovunu mütəşəkkil transsərhəd cinayətkarlığı ilə bərabər götürməyi təklif edib. Nazirin sözlərinə görə, bu məsələ bütün dənizyanı dövlətlər üçün ciddi iqtisadi problemdir.
Cakartanın bildirdiyinə görə, ölkə bu cinayətlərdən hər il 20 milyard dollar ziyan çəkir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio