DÜNYA
İndoneziyada qəzaya uğramış sərnişin təyyarəsinin füzelyajı tapılıb
Tokio, 31 oktyabr, AZƏRTAC
İndoneziya silahlı qüvvələrinin rəhbəri Hadi Tyacanto bəyan edib ki, Yava adasının qərbində qəzaya uğramış sərnişin təyyarəsinin füzelyajı tapılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliyanın “The Mercury” nəşri məlumat yayıb.
H.Tyancantonun bildirdiyinə görə, təyyarənin parçaları Yava dənizində axtarış-xilasetmə əməliyyatı zamanı aşkar edilib.
Xatırladaq ki, oktyabrın 29-da “Lion Air” aviaşirkətinə məxsus “Boeing 737 Max” sərnişin təyyarəsi havaya qalxdıqdan 13 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 189 nəfərin hamısı həlak olub.
Bu, ötən ilin mayından başlayaraq sifarişçilərə təhvil verilən dördüncü nəsil “Boeing 737 Max” sərnişin təyyarəsinin ilk qəzasıdır. Təyyarəni təcrübəli pilotlar idarə edirmiş. Təyyarənin parçalarını və sərnişinlərin qalıqlarını aşkar edən axtarış komandası fəaliyyət rayonunu genişləndiriblər. Bu gün füzelyajın aşkar edildiyi yerə yenə mütəxəssislər göndəriləcək.
Dalğıclar isə cəsədlərin qalıqlarını taparaq, onları tanınmaq üçün ekspertizaya göndərəcəklər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio