DÜNYA
İndoneziyada təyyarə qəzasında həlak olanlardan 24-nün cəsədi aşkarlanıb
Bakı, 30 oktyabr, AZƏRTAC
İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğrayaraq dənizə düşməsi nəticəsində həlak olanlardan 24-nün cəsədi aşkarlanıb.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, təyyarənin düşdüyü Qərbi Yava adasının Karavanq rayonunda tapılan cəsədlər paytaxt Cakartanın polis xəstəxanasına gətirilib.
Cəsədlərin şəxsiyyətinin müəyyən edilməsi üçün indiyədək 132 ailədən nümunələr alınıb. Dalğıcların və mütəxəssislərin bu gün təyyarənin gövdəsini tədqiq edəcəyi gözlənilir.
Xatırladaq ki, oktyabrın 29-da Cakartadan Sumatra adasına uçan “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsi havaya qalxdıqdan 13 dəqiqə sonra yerli vaxtla 6:33-də Yava adasının qərbində qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 181 sərnişin və 8 ekipaj üzvünün hamısı həlak olub.
Cəmi iki ay öncə istehsal olunmasına baxmayaraq, qəzaya uğrayan təyyarədə bundan əvvəlki uçuş zamanı nasazlıq aşkarlanmışdı. “Lion Air” aviakompaniyası 10 ədəd “Boeing 737 Max” təyyarəsinin alınması barədə danışıqları qəzanın səbəblərini araşdıran təhqiqatçıların yekun məruzəsinə qədər dondurduğunu elan edib.