DÜNYA
İndoneziyada zəlzələ qurbanlarının sayı 46 nəfərə çatıb
Tokio, 16 yanvar, AZƏRTAC
İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin sayı 46 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İndoneziya Təbii Fəlakətlərə Qarşı Mübarizə Milli Agentliyi (BNPB) məlumat yayıb. Daha 637 nəfərin xəsarət aldığı bildirilir.
Qeyd edilir ki, zəlzələnin baş verdiyi Qərbi Sulavesi əyalətinin hakimiyyət orqanları regionda fövqəladə vəziyyət rejimi elan ediblər. Onun qarşıdakı bir-iki həftə ərzində aradan qaldırılacağı gözlənilir.
Bildirilir ki, BNPB yeraltı təkanların böyük ziyan vurduğu Mamucu və Macene əyalətlərinə ümumilikdə 4 milyard İndoneziya rupisi (təqribən 284 min dollar) məbləğində ümumi köməklik göstərib. Bununla yanaşı, evləri dağılmış sakinlərə çadırlar, adyallar, tibbi maskalar və digər ilkin tələbat malları paylanıb.
Xatırladaq ki, yanvarın 15-də gecə saatlarında Qərbi Sulavesi əyalətinin Mamucu şəhəri yaxınlığında 6,2 və 5,7 bal gücündə silsilə zəlzələlər baş verib. İlkin olaraq 15 min sakinin evlərini tərk etdiyi bildirilir.
Təbii fəlakətin qurbanlarının ailə üzvlərinə başsağlığı verən Prezident Coko Vidodo yerli hakimiyyət orqanlarına zəlzələnin nəticələrinin aradan qaldırılması üçün operativ fəaliyyət göstərmələri barədə tapşırıq verib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio