SİYASƏT


İndoneziyanın Azərbaycandakı sabiq səfirindən “YouTube” kanalında ölkəmizə orijinal dəstək VİDEO

Cakarta, 6 noyabr, AZƏRTAC

İndoneziyanın Azərbaycanda 2016-2020-ci illərdə səfiri olmuş Hüsnan Bəy Fanani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, işğal altındakı torpaqlarımızın Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi ilə bağlı “YouTube” kanalında orijinal paylaşım edib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti təxribatından sonra ordumuzun mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün başladığı əks-hücumu dəstəklədiyini yerli KİV-lərdə daim qeyd edən indoneziyalı diplomat bu dəfə ifa etdiyi musiqi nömrələri ilə Azərbaycanın bu haqq işində İndoneziyanın onun yanında olduğunu bildirib.

“YouTube” kanalında yayımlanan “Salam from Indonesia” adlı video İndoneziyada populyarlığı ilə seçilən “İndonesia Pusaka” (“İndoneziya irsi”) mahnısından parça ilə başlayır. Ana Vətənə həsr olunan mahnıdan parçanı ifa etdikdən sonra sabiq səfir İndoneziyanın Azərbaycanı salamladığını deyir. Bildirir ki, bütün İndoneziya xalqı Azərbaycan xalqının Dağlıq Qarabağı Ermənistanın işğalından azad etməsini alqışlayır: “Yaşasın Azərbaycan! Azərbaycan, Azərbaycan, Azərbaycan çox yaxşı!”.

Bu sözlərdən sonra Hüsnan Bəy Fanani görkəmli bəstəkar və müğənni Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısını ifa edir.

İndoneziyalı sabiq səfir Azərbaycana dəstəyini “Əssalamü əleykim və rəhmətullahi bərəkət” sözləri ilə tamamlayır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.