DÜNYA


İndoneziyanın “Garuda Airlines” aviaşirkəti “Boeing 737 Max” təyyarələrindən imtina etməyəcək

Tokio, 7 dekabr, AZƏRTAC 

İndoneziyanın “Garuda Airlines” dövlət aviaşirkəti bu yaxınlarda baş vermiş qəzaya baxmayaraq yeni “Boeing 737 Max” sərnişin təyyarələrinin alınmasından imtina etməyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə dövlət şirkətinin prezidenti Ashara Danadiputra “The Jakarta Post” qəzetinə müsahibəsində bildirib. “Biz “Max” ailəsinə məxsus laynerlərdə heç bir problemlə qarşılaşmamışıq. Şirkətin parkında hələlik cəmi bir dənə belə təyyarə var və biz oktyabrın 29-da Cakartadan havaya qalxan laynerin qəzaya uğramasının səbəbləri ilə bağlı yekun hesabatı gözləyirik”, - deyə şirkətin rəhbəri əlavə edib. O bildirib ki, 2020-ci ildə şirkət daha üç “Boeing 737 Max” təyyarəsi alacaq.

Ümumi məbləği 4,9 milyard dollar təşkil edən həmin müqavilə 2015-ci ildə imzalanıb. A.Danadiputranın sözlərinə görə, müqaviləyə yenidən baxmaq nəzərdə tutulmur.

Qeyd edək ki, “Lion Air” aviaşirkətinə məxsus “Boeing 737 Max 8” təyyarəsi qəzaya uğradıqdan sonra ümumi dəyəri 22 milyard dollar təşkil edən və 190 təyyarənin alınmasını nəzərdə tutan müqavilədən imtina ediləcəyi güman olunurdu. Belə ki, təyyarənin “qara qutusu”ndan götürülən məlumatda həmin təyyarədə ən azı altı texniki nasazlığın olduğu deyilirdi. Təyyarənin avtopilot rejimində son uçuşu zamanı burnunun aşağı əyilməsi və pilotların vəziyyətə müdaxilə etmələri qeyd olunurdu. Bundan əlavə, təyyarənin sağ və sol qanadları arasında 20 dərəcə fərq yarandığı da vurğulanırdı.

Reuters agentliyinin bildirdiyinə görə, təyyarənin konstruksiyasında yerinə yetirilən düzəlişlərdən diqqəti yayındırmağa çalışan “Boeing” şirkəti günahı “Lion Air” şirkətinin üzərinə atmağa çalışır.

Xatırladaq ki, oktyabrın 29-da Cakartadan Pankalpinanq şəhərinə uçan təyyarə havaya qaldıqdan 13 dəqiqə sonra Yava dənizinə çırpılıb. Göyərtədəki 189 nəfər həlak olub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.