DÜNYA
İndoneziyanın ən fəal Merapi vulkanı püskürməyə başlayıb VİDEO
Tokio, 27 yanvar, AZƏRTAC
Yanvarın 27-də səhər saatlarında İndoneziyanın ən fəal Merapi vulkanı püskürməyə başlayıb.
AZƏRTAC Yerli KİV-lərə istinadla xəbər verir ki, vulkandan çıxan lava yamac boyunca 1500 metrədək yayılıb.
Yava adasındakı Cokyakarta şəhəri Vulkanologiya və Geoloji Anomaliyaların İdarə Olunması Mərkəzinin rəhbəri Haniki Humayda bildirib ki, hazırkı püskürmə yerli hakimiyyət orqanlarının ötən ilin noyabrında təhlükə dərəcəsini artırmasından sonra baş verən ən güclüsüdür.
Xanım Haniki Humayda, həmçinin bildirib ki, hazırda təhlükə dərəcəsi ikinci səviyyə qaldırılıb və sakinlərdən kraterdən beş kilometr məsafədə aralı qalmaları xahiş olunub.
Əlavə olaraq bildirək ki, adı “Odlu dağ” mənası daşıyan Merapinin hündürlüyü 2968 metrə çatır və o, İndoneziyanın ən fəal vulkanı hesab edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio