CƏMİYYƏT
İndoneziyanın nümayəndə heyəti “ASAN xidmət”lə tanış olub
Bakı, 3 iyul, AZƏRTAC
İndoneziyanın Qərbi Sumatra əyalətinin qubernatoru Irvan Prayitnonun rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzi ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Mərkəzlərdə bu günədək 30 milyondan çox vətəndaş müraciətinin qeydə alındığı qonaqların diqqətinə çatdırılıb. Bundan başqa, vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.
Həmçinin Bakıda keçirilmiş BMT-nin Dövlət Xidmətləri Forumunda İndoneziyadan geniş tərkibdə nümayəndə heyətinin iştirakından məmnunluq vurğulanıb.