DÜNYA
İndoneziyaya məxsus sualtı qayıqla əlaqə kəsilib
Bakı, 21 aprel, AZƏRTAC
Bali adası yaxınlığında keçirilən təlimlərin gedişində İndoneziya Hərbi Dəniz Qüvvələrinə məxsus “KRI Nanggala 402” tipli sualtı qayıqla əlaqə kəsilib.
AZƏRTAC “Daily Star” qəzetinə istinadla xəbər verir ki, bu barədə İndoneziya Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Culiusa Vicocono məlumat verib.
İndoneziya itən sualtı qayığın axtarışlarına başlayıb. Hakimiyyət bu məqsədlə sualtı xilasetmə vasitələrinə malik olan Sinqapurdan və Avstraliyadan yardım istəyib.
Məlumata əsasən, göyərtəsində 53 nəfərin olduğu sualtı qayıqla əlaqə Bali adasından 96 kilometr şimalda kəsilib. “KRI Nanggala 402” torpedaların təlim atışında iştirak edirdi. İndoneziya Silahlı Qüvvələrinin komandanı Hadi Çahyantonun sözlərinə görə, qayıq dənizin 700 metr dərinliyində ola bilər.
Qeyd edək ki, “KRI Nanggala 402” sualtı qayığı 1981-ci ildə Almaniyada istehsal olunub və 2011-ci ildə modernizə edilib.