REGİONLAR


İnfeksion xəstəliklərlə mübarizə aparan tibb işçiləri təlimlərə cəlb olunub VİDEO

Qusar, 30 iyul, Elxan Yusifli, AZƏRTAC

Azərbaycanın şimal bölgəsinin infeksion xəstəliklərlə mübarizədə iştirak edən tibb işçiləri təlimlərə cəlb olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 30-da başlayan COVID-19 infeksiyasına dair təlimlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyi və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının (KOAZ) birgə təşkilatçılığı ilə Qusarda təşkil edilib.

“Azərbaycanda koronavirus pandemiyasına qarşı hazırlıq və tədbirlərin gücləndirilməsi” adlı təlimə Quba, Qusar, Xaçmaz rayon mərkəzi xəstəxanalarının və Quba Müalicə-Diaqnostika Mərkəzinin infeksion xəstəliklərlə mübarizədə iştirak edən tibb personalı cəlb olunub.

Tədbirdə təlimçi qismində KOAZ məzunları Ramil Alməmmədov və Hökumə Məmmədova çıxış edərək COVID-19 xəstəliyi ilə mübarizədə Koreya təcrübəsini tibb işçilərinin diqqətinə çatdırıb, əldə etdikləri bilik və bacarıqları onlarla bölüşüblər. Hər iki təlimçi KOICA və Koreya Respublikasının Yonsei Universiteti tərəfindən 14-27 iyul 2020-ci il tarixlərində təşkil olunmuş “Tibb mütəxəssislərinin infeksion xəstəliklər üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi: COVID-19 test dəstinin istifadəsi” adlı kursun iştirakçısı olublar.

KOAZ məzunları tərəfindən hazırlanan təlim proqramına “COVID-19 infeksiyası - xəstəliyin idarə olunması, qorunma yolları, klinik xüsusiyyətləri”, “COVID-19 infeksiyasının diabet, piylənmə və demensiyada immun sisteminə və mitoxondrial dinamikaya təsiri” və “COVID‑19 infeksiyasının diaqnozu üçün mövcud və yenilikçi metodlar” adlı mövzular üzrə təqdimatlar daxil edilib.

Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin nümayəndəsi Telman Kazımov, KOICA Azərbaycan nümayəndəliyinin direktoru Mun Conq Hyun, Agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev və Vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin koordinatoru Nərgiz Hacıyeva çıxış edib.

Agentliyin nümayəndəsi Ruslan Abdullayev qeyd edib ki, koronavirus infeksiyasının qarşısının alınmasında ixtisaslaşmış ölkələrdən biri olan Koreya Respublikası tərəfindən ölkəmizə göstərilən dəstək təqdirəlayiqdir. O bildirib ki, pandemiya dövründə Azərbaycana dəstək çərçivəsində Koreya hökuməti tərəfindən ölkəmizə 350 min ədəd qoruyucu maska və 3 ədəd Səyyar COVID–19 müayinə köşkü ianə edilib: “Bununla yanaşı, Koreyanın COVID-19 ilə mübarizədə əldə etdiyi təcrübənin Azərbaycanın tibb işçilərinə çatdırılması məqsədilə Agentliyin və KOICA-nın birgə təşkilatçılığı ilə mütəmadi olaraq təlimlər və görüşlər təşkil olunur”, - deyə Ruslan Abdullayev söyləyib.

KOICA Azərbaycan Nümayəndəliyinin direktoru Mun Conq Hyun isə koronavirus pandemiyasına qalib gəlmək üçün tibbi xidmətlə bərabər ictimai fəallığın da vacib amil olduğunu vurğulayıb. Tədbir iştirakçılarına uğurlar arzu edən Mun Conq Hyun KOICA tərəfindən koronavirusla mübarizə prosesinə bundan sonra da dəstəyin göstəriləcəyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin nümayəndəsi Telman Kazımov isə icra hakimiyyəti tərəfindən pandemiya dövründə əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında geniş məlumat verib. Onun sözlərinə görə, hazırda Qusar rayonunda əhalinin 33%-nə vaksin vurulub və vaksinasiya prosesinin təşkil olunması üçün rayonda 13 daimi fəaliyyət göstərən peyvənd məntəqəsi yaradılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Nərgiz Hacıyeva məlumat verib ki, ölkənin şimal bölgəsində təşkil olunan bu təlim qurumun pandemiya dövründə ən çox diqqət yetirdiyi sahələrdən biri olan maarifləndirmə tədbirlərinin tərkib hissədir və koronavirusla mübarizə prosesində tibb işçilərinin bilik və bacarıqlarının artırılması böyük əhəmiyyət kəsb edir. Hacıyeva əlavə edib ki, koronavirusla mübarizədə əhalinin peyvənd olunması bu mübarizənin ən effektiv yoludur. Bildirilib ki, tibb işçilərinin əhalinin vaksinasiyanın əhəmiyyətinə dair məlumatlandırılmasında və bununla bağlı təbliğatın aparılmasında rolu böyükdür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.