İnfeksiyaların profilaktikası və nəzarət üzrə təlimlər təşkil edilib
AzerTAg.az
Bakı, 20 may, AZƏRTAC
Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə layihəsi olan “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” davam edir.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadla xəbər verir ki, layihə çərçivəsində Azərbaycanda xəstəxanaların İnfeksiyaların Profilaktikası və Nəzarət (İPN) üzrə məsul şəxslər və təlimçiləri üçün təlimlər təşkil olunub.
TƏBİB ilə əməkdaşlıq çərçivəsində “Tibb müəssisələrində infeksiyaların profilaktikası və nəzarətin təşkili planının hazırlanması” təliminin məqsədi tibb işçilərinə ÜST-nin “Müəssisə səviyyəsində infeksiyanın qarşısının alınması və infeksiyaya nəzarət tədbirlərinin qiymətləndirilməsi mexanizmi” və “Əl gigiyenası özünü qiymətləndirmə çərçivəsi və sistem dəyişiklikləri” təlimatlarından istifadə edərək xəstəxanalarda mövcud vəziyyəti qiymətləndirə bilməyi və fəaliyyət planı hazırlamağı öyrətməkdir.
Təlimçilər üçün təlim ÜST-nın İPN üzrə beynəlxalq məsləhətçisi Can Hekimoğlu və ÜST-nin İPN üzrə milli məsləhətçisi Nilufər Məmmədova tərəfindən keçirilib.
Mayın 23-dən etibarən təlimçilər üçün təlimi bitirmiş mütəxəssislər tərəfindən xəstəxanaların 100-dən artıq İPN üzrə məsul şəxslərini əhatə edəcək təlimlərin bir ay ərzində davam etdirilməsi planlaşdırılır.
Aİ və ÜST-nin Azərbaycan Ölkə Ofisi infeksiyaların profilaktikası və nəzarət üzrə milli və tibb müəssisələri səviyyəsində potensialın artırılması üzrə tədbirləri davam etdirir.



Xəbərin mətnində orfoqrafik səhv var