CƏMİYYƏT


İnfeksiyanın yayılmaması üçün ən yaxşı qorunma tədbiri karantin rejimidir

Bakı, 6 avqust, AZƏRTAC

Karantin rejimi yumşaldılandan sonra vətəndaşlar qaydalara və qorunma tədbirlərinə əvvəlkindən də məsuliyyətli yanaşmalıdırlar. Vətəndaşlara SMS-siz, yəni icazə olmadan yaşayış yerini tərk etmək hüququ verildi. Şübhəsiz ki, bu məhdudiyyətin aradan qalxması ilə ictimai nəqliyyatda sıxlıq artıb, gediş-gəliş çoxalıb. Ona görə də mümkün qədər ictimai nəqliyyatdan az istifadə etmək, ciddi tələbat və zərurət yaranmadıqda evdən çıxmamaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri TƏBİB-in Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib.

Professor rayonlara gediş-gəlişin bərpası məsələsinə toxunaraq bildirib: “Hazırda elə rayonlar var ki, orada demək olar ki, yoluxma halına rast gəlinmir. Paytaxtdan həmin bölgələrə gedən vətəndaşın virusu özü ilə aparması təhlükəsi narahatlıq doğurur və bunun nəticəsində yeni yoluxma və infeksiya ocaqları yarana bilər. Təbii ki, bu vəziyyət uzun müddət davam etməyəcək. Yoluxma sayı, ölkədəki epidemioloji vəziyyət müzakirə ediləndən sonra həmin məsələnin tənzimlənməsi üçün addımlar atılacaq.

Əvvəlki sərt karantin rejimi dövründə aprelin axırlarından mərhələli şəkildə yumşalma tədbirlərinə başlanıldı. Lakin mərhələli yumşalmalar arasındakı müddət qısa olduğundan çox ciddi artım baş verdi. Bunun nəticəsində yenidən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi labüd oldu. Ona görə də indiki vəziyyətdə yumşalmaya tədricən, çox ehtiyatla keçid baş verir ki, əvvəl yaşanan xoşagəlməz vəziyyət bir də təkrarlanmasın. Əgər sətrləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlardan digər bölgələrə gediş-gəliş bərpa olunarsa, yoluxma sayı arta və yenə də hər gün 500-600 nəfərə çata bilər. Bu zaman yenidən sərtləşdirmə tədbirlərinin tətbiqi məcburi olacaq. Ona görə də vətəndaşlardan məsələyə anlayışlı yanaşmaq xahiş olunur. Çünki bütün bu addımlar vətəndaşların sağlamlığı üçün atılır. Hələ də bir sıra ölkələr karantin rejimindən çıxmayıb. Bir neçə ölkədə isə karantin tətbiq edilməsə də, əhali qorunma tədbirlərinə əməl edir. Azərbaycanla əhali sayı uyğun olan İsveçdə karantin rejimi tətbiq edilməyib. Statistikaya görə həmin ölkədə COVID-19-a yoluxma ölkəmizdən 2-3, virusdan ölüm halı isə 10-12 dəfə çoxdur. Həmin ölkədə koronavirusdan ölüm sayı 6 minə yaxınlaşır. Ölkəmizdə isə bu rəqəm 479-dur. Karantin rejimi tətbiq edən və karantin rejimi tətbiq etməyən ölkələrin yoluxma statistikasına baxanda əminliklə demək olar ki, rejimin tətbiqi ən yaxşı qorunma tədbiridir.

Ölkəmizdə ikinci sərt karantin rejimi təqribən 45 gün davam etdi. Birinci karantin rejimindən sonra yumşalmalar mərhələli şəkildə indiyədək davam etsəydi, ikinci dəfə sərtləşməyə ehtiyac olmayacaqdı. Lakin karantin rejimi uzun müddət davam edə də bilər. Hazırda dünyada karantin tətbiq edən ölkələrdən az bir hissəsi bu rejimdən çıxıb. Yumşalma tədbirlərində də bir prinsip gözlənilir. Vətəndaşların bir yerə cəm olması, sıx təmas və ünsiyyət infeksiyanın yayılması üçün təhlükə yaratdığına görə kütləvi toplanmaya səbəb olan tədbirlərdən çəkinmək lazımdır”, - deyə professor əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.