CƏMİYYƏT
“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin bəyanatı
Bakı, 7 iyul, AZƏRTAC
“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndinin mülki əhalisinin atəşə tutulması nəticəsində Sahibə Quliyevanın və 2 yaşlı nəvəsi Zəhranın həlak olması ilə əlaqədar bəyanat verib.
İctimai birlikdən AZƏRTAC-a daxil olan bəyanatda deyilir: “Erməni silahlı qüvvələrinin mülki əhaliyə atəş açması, 2 yaşlı uşağın və nənəsinin qətlə yetirilməsi, habelə digər mülki şəxsin yaralanması və mülki obyektlərin zərər çəkməsi terrorizm aktıdır və beynəlxalq konvensiya və qanunlarla yolverilməzdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT-nin qətnamələrinə məhəl qoymayan Ermənistan bu dəfə 2 yaşlı körpəyə qarşı silah işlətməklə ən qəddar qatil rolunda çıxış etməkdən çəkinməyib.
Bu, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavənin, həmçinin uşaq hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Biz beynəlxalq təşkilatlardan bu məsələyə münasibət bildirməyi tələb edir, onlar tərəfindən konkret addımlar atılmasını gözləyirik.
Biz, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatı olaraq, beynəlxalq hüquq normalarına, BMT qətnamələrinə, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq təşkilatlarının qəbul etdikləri sənədlərə əməl olunması və Ermənistanın işğalçılıq siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik”.