ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutu əməkdaşının məqaləsi beynəlxalq elmi bazaya daxil edilib
Bakı, 12 fevral, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərovun “Cloudlet əsaslı mobil hesablama buludlarının arxitektur-texnoloji prinsiplərinin araşdırılması” mövzusunda məruzəsi “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE beynəlxalq konfransının materialları”nda dərc olunub. Müəllif həmin məruzə ilə Bakıda keçirilmiş “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi (AICT 2019)” mövzusunda 13-cü beynəlxalq konfransda çıxış etmişdi.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu günlərdə “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE beynəlxalq konfransının materialları” toplusu “IEEE Xplore” kimi nüfuzlu elmi bazada indeksləşib və referatlaşıb.
R.Ələkbərov məqalədə mobil qurğuların resurslarında (enerji sərfiyyatı, hesablama və yaddaş resurslarında və s.) mövcud məhdudiyyətləri aradan qaldırmaq məqsədilə yaradılan mobil hesablama buludlarında (MHB) meydana çıxan problemləri və onun həlli yollarını təhlil edib. Təklif edilən arxitekturanın mobil qurğuların resurslara olan tələbatının daha səmərəli təmin edilməsi və şəbəkədə yaranan gecikmələrin aradan qaldırılmasının təmin edilməsini göstərib. Alim, həmçinin Cloudlet əsaslı mobil şəbəkənin mobil qurğuların multimedia proqram təminatlarının istifadəsi zamanı enerji sərfiyyatının və şəbəkədə baş verən gecikmələrin azalmasını təsvir edib.