ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutu işğaldan azad edilmiş ərazilərə dair aparılan elmi tədqiqatlarda yaxından iştirak etməlidir
Bakı, 26 aprel, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutu işğaldan azad edilmiş ərazilərə dair aparılan elmi tədqiqatlarda yaxından iştirak etməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev Elmi şuranın növbəti onlayn iclasında çıxışı zamanı səsləndirib.
Akademik bildirib ki, dövlət başçısının ardıcıl siyasəti və rəşadətli ordumuzun sayəsində İkinci Qarabağ müharibəsində qalib gəldik, qısa bir müddət ərzində Qarabağ Azərbaycanın ayrılmaz hissəsinə çevrildi.
44 günlük müharibə başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə bir sıra elmi problemlərin ortaya çıxdığını söyləyən akademik artıq Azərbaycan elminin üzərinə daha böyük vəzifələrin düşdüyünü bildirib. Qeyd edib ki, AMEA və onun tərkib hissəsi olan İnformasiya Texnologiyaları İnstitutu bu problemlərin həllində yaxından iştirak etməlidir. Alim və tədqiqatçılar bundan sonra daha da əzmlə çalışmalı, elmimizin inkişafına mühüm töhfələr verməlidirlər.
Alim bildirib ki, Azərbaycanın uzun illərdir işğal altında olan torpaqlarında bütün infrastruktur erməni təcavüzkarları tərəfindən dağıdılıb. Bu səbəbdən dövlət bütün maliyyə prioritetlərini Qarabağın yenidən qurulmasına yönəldir, Prezident İlham Əliyev ardıcıl olaraq işğaldan azad edilmiş torpaqlarla bağlı yüksək səviyyəli, dünyanın müasir çağırışlarına cavab verən sənədlər imzalayır. Bu baxımdan Qarabağın yenidən qurulmasında dünya təcrübəsindən, müasir texnologiyaların imkanlarından istifadə etmək məqsədəuyğundur. Sosial-iqtisadi, siyasi çağırışlar kontekstində görüləcək kompleks tədbirlərin həyata keçirilməsində AMEA və İnformasiya Texnologiyaları İnstitutu fəal iştirak edəcək.
İnstitutun direktoru hazırda rəhbərlik etdiyi qurumda aparılan bütün elmi tədqiqatların dövlətimizin hərbi qüdrətinin yüksəldilməsinə, strateji hədəflərə, milli maraqlara, azərbaycançılıq ideologiyasının təmin olunmasına xidmət etdiyini və ölkəmiz, eləcə də Qarabağın yenidən qurulması üçün son dərəcə əhəmiyyətli olduğunu nəzərə çatdırıb.
Akademik R.Əliquliyev xatırladıb ki, hələ müharibə davam edərkən erməni təcavüzünə məruz qalmış ərazilərlə əlaqədar institut tərəfindən elmi prioritetlərə dair təkliflər hazırlanıb.
“Biz bu gün müvafiq təklifləri reallaşdırmalı, dövlətin qarşımıza qoyduğu vəzifələrin icrası istiqamətində mövcud intellektual potensialımızdan səmərəli istifadə etməliyik. İnstitutun erməni təcavüzünə məruz qalmış ərazilərlə əlaqədar aparılan işlərdə yaxından iştirakı son dərəcə vacibdir”, – deyə alim bildirib.