ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutu yeni tədris ilinə hazırdır

Bakı, 14 sentyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutu yeni tədris ilinə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə institutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov növbəti onlayn iclasda məlumat verib.

Məruzəçi nəzərə çatdırıb ki, hazırda institutun magistratura pilləsi üzrə 2-ci kursunda 8 nəfər təhsilini davam etdirir. Onların dissertasiyalarının may ayınadək tamamlanması üçün elmi rəhbərlərlə onlayn görüşlər keçirilib, elmi-tədqiqat işlərinin strukturu razılaşdırılıb, lazımi metodik vəsaitlərin elektron versiyaları magistrantlara göndərilib, tövsiyələr verilib. Həmçinin 3 ixtisas üzrə tədris planları hazırlanıb və dərs bölgüsü həyata keçirilib.

“Tədris ili 2-ci kursda təhsil alan magistrantlar üçün sentyabrın 15-dən, yeni qəbul olunmuş magistrantlar üçün isə oktyabrın 1-dən başlayacaq. Birinci kurs magistrantları üçün ümumi fənn olan xarici dilin tədrisinin onlayn formada təşkili həyata keçiriləcək. Təbii ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərarlar da nəzərə alınacaq”, – deyə şöbə müdiri bildirib.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev qeyd edib ki, hər bir elmi rəhbər üzərinə götürdüyü vəzifəni məsuliyyətlə yerinə yetirməli, magistrantla virtual texnologiyalar üzərindən müntəzəm əlaqə saxlayaraq, dissertasiya işinin yüksək səviyyədə yazılmasına və məqalələrin nüfuzlu elmi jurnallarda çap olunmasına nəzarət etməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.