ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunda Big Data məlumatları üzərində aparılan əməliyyatlarla bağlı seminar
Bakı, 19 fevral, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin dissertantı Tural Bədəlov “Big Data məlumatları üzərində əməliyyatların xülasəsi” (“Review of processing Big Data”) mövzusunda məruzəni təqdim edib. O, “Big Data”nın xarakteristikaları haqqında məlumat verib.
Məruzəçi böyük ölçülü verilənlərlə bağlı iki əsas məsələyə - emal prosesinə sərf olunan zaman və yaddaş probleminə diqqət çəkib. Bu məsələlərin həlli üçün təklif olunan ən məşhur texnologiyalardan hesab olunan “Apache Spark” və “MapReduce” proqramlaşdırma mühitlərinin tətbiqləri ilə bağlı seminar iştirakçılarını məlumatlandırıb.
Tədqiqatçı hər iki proqramın üstün və çatışmayan cəhətləri, əsas xüsusiyyətləri və istifadə qaydalarını söyləyib, onları müqayisəli təhlil edib.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev mövzu ilə bağlı fikirlərini bölüşüb, müvafiq istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsi və elmi məqalə hazırlanmasını tövsiyə edib.