ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunda “Elmi tədqiqatların əsasları” fənni tədris olunur
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun magistrantlarına bu semestr “Elmi tədqiqatların əsasları” fənni tədris olunur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, proqram tərtib olunarkən müvafiq sahədə bir sıra qabaqcıl universitetlərin proqramları öyrənilib, həmin ali məktəblərdə təhsil alan tələbələrin sosial şəbəkələrdə rəyləri nəzərə alınıb. Proqramda elm anlayışı, elmin sosial funksiyaları, inkişaf tarixi və elmi etika məsələlərinin təhlil edilməsi, elmi tədqiqatın növləri, metod və metodologiyaları, elmi-tədqiqat mövzusunun seçilməsi, tədqiqatın planlaşdırılması, hipotezin formalaşdırılması, elmmetriya və s. haqqında nəzəri biliklərin öyrədilməsi planlaşdırılır. Həmçinin elmi informasiya mənbələri ilə işləmə texnologiyaları və akademik yazı qaydaları üzrə praktik vərdişlərin aşılanması, tədqiqat mövzusuna dair icmal məqalənin hazırlanması üzrə məsləhətlərin verilməsi, tədqiqat mövzusu üzrə təqdimatların hazırlanması və auditoriyaya təqdim olunması nəzərdə tutulur.