ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutunda İKT-də Qızlar Günü qeyd olunub

Bakı, 29 aprel, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda İKT-də Qızlar Gününə həsr edilmiş toplantı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

İcraçı direktor texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) qadınların informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyətinə, İKT-nin qadınlar üçün yaratdığı imkanlara diqqət çəkmək, eləcə də gənc qızları bu sahəyə yönləndirmək məqsədilə 2014-ci ildə İKT-də Qızlar Gününü təsis edib. Həmin tarixdən etibarən hər il aprel ayının son həftəsi dünyanın müxtəlif ölkələrində bu əlamətdar gün qeyd olunur.

Hazırda İKT-nin insan fəaliyyətinin bütün sahələrinə nüfuz etdiyini söyləyən məruzəçi bildirib ki, bu gün cəmiyyətdə tutduğu mövqedən, təhsilindən, sosial vəziyyətindən, yaşından, milliyyətindən, irqindən asılı olmayaraq hər kəs İKT istifadəçisi olub, onun imkanlarından yararlanır. İKT-nin yaranması qadınlar üçün xüsusilə geniş imkanlar yaradıb. Bu gün distant təhsilin meydana gəlməsi bir çox qadınların vaxt qıtlığı, yol xərcləri və s. səbəblərdən təhsil ala bilməmək problemini aradan qaldırır.

Son dövrlər elm sahəsində çalışan qadınların sayının kişilərə nisbətən ilbəil artmaqda olduğunu deyən məruzəçi bildirib ki, İnformasiya Texnologiyaları İnstitutunun təxminən 70 faizini zərif cinsin nümayəndələri təşkil edir.

İnstitutun Qadınlar Şurasının sədri, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova ulu öndər Heydər Əliyevin cəmiyyətdə qadınların rolunun artırılmasına xüsusi əhəmiyyət verdiyini xatırladıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb. Bütün dövrlərdə Azərbaycan ədəbiyyatında qadın azadlığı problemlərinə xüsusi yer ayrıldığını deyən məruzəçi əlavə edib ki, istənilən cəmiyyətin mədəni səviyyəsi bu cəmiyyətdə qadınların mövqeyi ilə ölçülür. O, AMEA-da əməkdaşların əksəriyyətini qadınların təşkil etdiyini, bunların sırasında AMEA-nın həqiqi və müxbir üzvlərinin, elmlər və fəlsəfə doktorlarının, yüzlərlə doktorantın, dissertantın, elmin müxtəlif sahələri üzrə uğurlu nailiyyətlər əldə etmiş tədqiqatçıların, həyatını elmə həsr etmiş qadınların olduğunu bildirib.

AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə insanların hazırda süni intellekt dövründə yaşadıqlarını, cəmiyyətin bütün sferalarında İKT-nin ciddi təsirləri ilə üzləşdiklərini diqqətə çatdırıb.

O qeyd edib ki, bəşəriyyətin inkişafında baş verən informasiya inqilablarının hər biri bu və ya digər şəkildə qadının cəmiyyətdə mövqeyinin güclənməsi ilə müşayiət olunub. İnternetin meydana gəlməsi hesabına cəmiyyətin əvvəlki dövrlərdən fərqli mərhələyə qədəm qoyduğunu vurğulayan məruzəçi ölkədə qadınların İKT sektorunda iştirak səviyyəsi, gender problemlərinin həllində İKT-nin rolu və perspektivləri haqqında məlumat verib. Bildirib ki, bu gün sosial-mədəni mühitdə Azərbaycan qadınları cəmiyyətin ən müxtəlif sferalarında aktiv şəkildə fəaliyyət göstərməkdədirlər.

Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü texnika elmləri doktoru, professor Məsumə Məmmədova, institutun baş elmi işçisi vəzifəsini icra edən, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova, institutun baş mütəxəssisi Əfruz Qurbanova çıxış edərək qadınların İKT-də rolu, onların əldə etdikləri nailiyyətlərlə bağlı fikirlərini səsləndiriblər, İKT sektorunda qadınların rolunun artırılmasının, bütün sahələrdə Azərbaycan qadınlarının ən yüksək səviyyədə təmsil olunmaları üçün lazımi şəraitin yaradılmasının vacibliyini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.