ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutunda elektron universitetin konseptual əsasları işlənilir

Bakı, 8 fevral, AZƏRTAC 

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında “Elektron universitetin fəaliyyət konsepsiyasının, model və metodlarının işlənilməsi” mövzusu üzrə alınmış elmi-nəzəri nəticələr müzakirə olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda müəssisənin dissertantı Hüseyn Qasımov elmi-nəzəri nəticələri təqdim edərək işin məqsəd və vəzifələri, aktuallığı, tədqiqat obyekti və predmeti, elmi yeniliyi və s. haqqında ətraflı məlumat verib. Bildirib ki, mövzu üzrə 16 elmi iş çap edilib. Məruzəçi bildirib ki, işin məqsədi virtual təhsil mühitində e-universitetin fəaliyyət konsepsiyasının, model və metodların işlənilməsidir.

H.Qasımov tədqiqatda qloballaşma şəraitində e-universitetin konseptual əsaslarının işlənməsi, e-universitetdə intellektual idarə olunmanı tələb edən arxitektur komponentlərin müəyyənləşdirilməsi və onlar arasındakı qarşılıqlı münasibətlərin aşkarlanması, təhsilin personalizasiyası kontekstində öyrənənin “start” biliklərinin qiymətləndirilməsi və onun intellektual potensialına müvafiq olaraq təhsil trayektoriyasının seçilməsi metodları, eləcə də e-universitetdə fərdi təhsil trayektoriyasının intellektual idarə edilməsini dəstəkləyən sistemin işlənməsi ilə bağlı görülmüş işləri diqqətə çatdırıb.

İnstitutun alimləri əldə olunan elmi-nəzəri nəticələrlə bağlı rəy və təkliflərini səsləndiriblər.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək e-universitetin fəaliyyət konsepsiyasının tələblərinə cavab verən modelin layihələndirilməsi üçün metodların işlənməsinin, eləcə də Azərbaycan təhsil mühiti üçün təklif olunan e-universitet struktur modelinin hazırlanmasının əhəmiyyətindən söz açıb. Alim mövzunun aktuallığını önə çəkib və əsaslı tədqiqatlar aparıldığını bildirib. Akademik, həmçinin inklüziv təhsil ilə bağlı araşdırmaların aparılmasının işin səmərəliliyinin artırılmasına imkan verəcəyini söyləyib. Qeyd olunan rəy və təkliflər nəzərə alınmaqla, əldə olunan elmi-nəzəri nəticələrin sistemləşdirilərək müvafiq mövzuda dissertasiya işinin hazırlanmasını tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.