ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunun 50 illiyinə həsr edilən ekspres-informasiya nəşrləri hazırlanır
Bakı, 27 aprel, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında müzakirə olunan məsələlərdən biri də institutun elmi istiqamətləri üzrə 2020-2021-ci illərdə hazırlanmış ekspres-informasiyalar haqqında olub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Elmi katib Mədinə Səidova ötən il ərzində elektron tibb, informasiya (kiber) təhlükəsizliyi, elektron elm, Big Data, proqram mühəndisliyi, internet sosiologiyası problemləri üzrə 6 ekspres-informasiyanın çap olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, institutun 50 illiyinə həsr olunmuş, bulud texnologiyaları, elektron dövlət və informasiya iqtisadiyyatı problemləri üzrə 3 ekspres-informasiya nəşrə hazırlanır.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, ekspres-informasiyaların institutda aparılan elmi tədqiqatlarla bağlı məlumatların ictimaiyyətə çatdırılması baxımından zəruri olduğunu bildirib, əməkdaşları bu işdə fəal iştiraka çağırıb.
Sonda institutun yaradılmasının 50 illik yubileyi üçün hazırlanmış loqo nümayiş etdirilərək müzakirə olunub, təklif və tövsiyələr səsləndirilib.