ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunun alimləri Rusiyada keçirilən Superkompüter Forumunda iştirak edirlər
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində X Milli Superkompüter Forumu (НСКФ-2021) öz işinə başlayıb.
Forum çərçivəsində keçiriləcək “Elektron idarəetmədə bulud və paylanmış hesablama sistemləri” mövzusunda beynəlxalq konfransın təşkilatçılarından biri də AMEA İnformasiya Texnologiyaları İnstitutudur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dekabrın 3-dək davam edəcək tədbirin keçirilməsində əsas məqsəd superkompüter texnologiyalarının yaradılması və tətbiqi istiqamətində müzakirələr aparmaq, hər bir ölkənin müvafiq sahədə siyasəti və nailiyyətləri ilə tanış olmaq, eləcə də qarşıda duran vəzifə və prioritetləri müəyyənləşdirməkdir.
Milli Superkompüter Forumunda superkompüter sənayesi ilə bağlı tədqiqat, aparat vasitələri, sistem proqram təminatı, superkompüter xidmətləri, təşkilati aspektlər kimi mövzularda məruzələr təqdim olunacaq.
Konfransda İnformasiya Texnologiyaları İnstitutunun bir neçə əməkdaşı məruzə ilə çıxış edəcəklər.