ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunun altı aylıq hesabatı üzrə nəticələr müzakirə olunub
Bakı, 28 iyul, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında struktur bölmələrin 2021-ci ilin altı ayı üzrə hesabatlarının nəticələri müzakirə olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov bildirib ki, 6 ay ərzində institutda 2 elmi istiqamət, 11 problem və 52 iş üzrə elmi-tədqiqat aparılıb. R.Ələkbərov yarım il ərzində şöbə əməkdaşları tərəfindən 83 məqalə, 60 tezis, 3 kitab, 3 ekspres-informasiyanın hazırlandığını, 25 məqalənin impakt faktorlu beynəlxalq jurnallarda çap olunduğunu diqqətə çatdırıb. O, “Web of Science” və “Scopus” bazalarında çap olunmuş məqalələrin, eləcə də konfrans materiallarının şöbələr üzrə paylanması, institut əməkdaşlarının elmi əsərlərinə istinadların sayı ilə bağlı statistikanı təqdim edib. Elmi innovasiya və ekspertiza fəaliyyəti haqqında məlumat verən alim institutun 28 nüfuzlu beynəlxalq jurnalın redaksiya heyətində təmsil olunduğunu, xarici jurnallardan göndərilən məqalələrə rəylər hazırladığını deyib.
Məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev institutun 6 aylıq hesabatının nəticələrinə dair fikirlərini bölüşüb. Yarım il ərzində struktur bölmələrdə aparılan elmi-tədqiqatları, əldə olunan mühüm nailiyyətləri yüksək qiymətləndirən R.Əliquliyev, hər bir şöbə rəhbərini bundan sonra da institutun qarşısına qoyulan vəzifələrin icrasında fəal iştirak etməyə, elmi fəaliyyəti gücləndirməyə, beynəlxalq elmi əməkdaşlığı genişləndirməyə çağırıb.
R.Əliquliyev bildirib ki, aktual problemlərin aşkar olunması, rəqabətədavamlı tədqiqatların aparılması və əldə olunan nəticələrin “Scopus”, “Web of Science” kimi nüfuzlu bazalara daxil olan yüksək istinad indeksli, impakt faktorlu jurnallarda çap olunması, eləcə də kadr potensialının gücləndirilməsi hər bir şöbənin əsas hədəflərinə çevrilməlidir.