ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib
Bakı, 15 sentyabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova Rusiyanın Kursk şəhərində keçirilən “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2021” adlı XVI beynəlxalq elmi-texniki konfransda “İntellektual sistemlərin tətbiq sahələri” mövzusunda məruzə ilə çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, intellektual sistemlərin tətbiq sahələri haqqında məlumat verən məruzəçi onların strukturu, növləri, klassifikasiyası və s. sahələrin araşdırıldığını diqqətə çatdırıb. Ş.Mahmudova intellektual sistemin qərarların qəbul olunması texnologiyalarında insanın iştirakı olmadan məsələləri bacarıqla həll edən informasiya-hesablama sistemi olduğunu bildirib. İntellektual proqram sistemlərinin tətbiq sahələrinin bəzi nümunələrinin tədqiq edildiyini söyləyib.
Məruzəçi intellektual sistemlər sahəsində tədqiqat işlərinin üç istiqamətdə aparıldığını bildirib. Qeyd edib ki, tədqiqatın birinci istiqamətində insan beyninin quruluşu və mexanizmlərinə diqqət yetirilir, burada son məqsəd təfəkkür sirlərinin açılmasıdır. Bu istiqamətdə tədqiqatın zəruri mərhələsi psixofizioloji məlumatlara əsaslanan intellektual fəaliyyət modellərinin qurulmasıdır.
Ş.Mahmudovanın sözlərinə görə, tədqiqatın ikinci istiqamətində süni intellekt sistemi araşdırılır. Burada kompüterlərdən istifadə edərək intellektual fəaliyyətin modelləşdirilməsindən söhbət gedir. Bu istiqamətdə aparılan tədqiqat işlərinin məqsədi bəzi intellektual problemləri bir insanın həll etməsinə imkan verən proqram təminatının yaradılmasıdır. Üçüncü tədqiqat istiqaməti isə insan-maşının və ya interaktiv və intellektual sistemlərin yaradılmasına yönəlmişdir. Bu araşdırmalarda ən vacib problemlərdən biri insanla belə bir sistem arasında qüsursuz semantik dialoqun təşkilidir.
Artıq 6-cı ildir ki, İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə keçirilən beynəlxalq elmi-texniki konfransa əməkdaşların 9 elmi məqaləsi qəbul olunub.
Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Rasim Əliquliyev beynəlxalq konfransın proqram komitəsinin üzvüdür.